“Olympus Park” şirkətinə bina inşası zamanı yol verdiyi pozuntulara görə həmin ərazidə tikinti aparmaq qadağan edilib.
Məlumata görə, bununla bağlı yanvarın 7-də Nəsimi rayon məhkəməsi qərardad çıxarıb. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 17, mənzil 6 ünvanında yerləşən iddiaçı Quliyeva Nərgiz Fərzəli qızının fərdi yaşayış evinə bitişik ərazidə tikinti-təmir və söküntü işlərinin aparılması cavabdeh “Olympus Park” MMC-yə və digər şəxslərə qadağan edilib.
Oxşar qərar daha öncə ötən ilin noyabr ayında da çıxarılıb.
Xatırladaq ki, vətəndaş İnci Əmirova müraciət edərək bildirmişdi ki, anası Nərgiz Quliyevanın Nəsimi rayonu, Abay döngəsində yerləşən baba yurdu şirkət tərəfindən qanunsuz olaraq sökülüb: “Şirkət anamın yaşadığı mülkün bir divarını uçurdaraq yerinə şifer qoyublar, evin digər divarını da ovublar. Ev demək olar ki, havada qalıb. Bizim şikayətimizdən sonra Fövqəladə Hallar Nazirliyi rəy verdi ki, şirkətin o ərazidə apardığı tikinti işləri qanunsuzdur.
İnci Əmirova qeyd edib ki, şirkət heç bir məhkəmə qərarını icra etmir: “Neçə gündü evin aşağı hissəsini ekskovatorla qazırlar, su buraxırlar ki, ev özü uçsun. Bizdə məlumat var ki, bu axşam evi tamamilə uçuracaqlar. Hər hansı bir qurum da onların qarşısını ala bilmir. Daha öncə Xətai rayonunda və Nəsimi rayonunda başqa bir ünvanda da ekskovatir gecəykən evləri, obyektləri söküb, daha sonra deyiblər ki, ehtiyatsızlıqdan olub. Bizi evsiz qoymağa çalışırlar”.
Qeyd edək ki, “Olympus Park” şirkəti Xətai rayonunda da onunla qiymətdə razılaşmayan “Lider” idman klubunu söküb, daha sonra isə bunu ekskovatorçunun səhvən etdiyini açıqlayıb.