Rusiya-Ukrayna gərginliyi davam edərkən, Avstraliya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Fransa Ukraynaya səyahət xəbərdarlığı edib. ABŞ həmçinin Kiyevdəki səfirliyindəki əməkdaşlarının təxliyəsi barədə göstəriş verib.
Rusiya-Ukrayna böhranı davam etdikcə, bir çox ölkələr mümkün müharibə vəziyyətində öz vətəndaşlarını Ukrayna ilə bağlı xəbərdar etməyə başlayıb.
Fransa Rusiya ilə gərginlikdən sonra, öz vətəndaşlarına Ukraynaya səfərlərini təxirə salmaq barədə xəbərdarlıq edib.
Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Rusiya hərbçilərinin Ukrayna sərhədlərinə yerləşdirilməsi ilə əlaqədar yaşanan gərginlik” səbəbiylə daha diqqətli olunması lazım olduğu bildirilib və Ukraynanın şimal və şərqindəki bölgələrə getməməyə çağırılıb.
Fransa vətəndaşları üçün lazım olmadıqca Ukraynaya planlaşdırılan səfərlərin təxirə salınmalı olduğu bildirilib.
ABŞ evakuasiya əmri verdi
ABŞ Rusiyadan gələn təhlükənin davam etdiyini əsas gətirərək, Kiyev səfirliyindəki əməkdaşlarına ölkəni tərk etməyi əmr edib. ABŞ Dövlət Departamenti də ABŞ hökumət işçilərinin ölkəni könüllü tərk etməsinə icazə verib və ABŞ vətəndaşlarının dərhal ölkəni tərk etməli olduqlarını bəyan edib.
Britaniyanın BBC media orqanı Britaniyanın Ukraynadakı səfirliyindəki diplomatları və rəsmiləri çağırmağa başladığını açıqlayıb.
BBC-nin xəbərində hələlik Britaniya diplomatları üçün müəyyən təhlükənin olmadığı, Kiyevdə çalışan diplomat və məmurların təxminən yarısının İngiltərəyə qayıdacağı bildirilib.
RUSİYA-UKRAYNA XƏTTİNDƏ NƏ BAŞ VERİR?
Hər şey 2014-cü ildə Rusiya ilə Ukrayna arasında yaranan gərginliklə başlayıb. Rusiya Ukraynanın bir hissəsi olan Krımı işxal etdi.
Gərginliyin yüksək olduğu bir vaxtda, Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gələrkən, rus separatçıları Moskvanın dəstəyi ilə Rusiya-Ukrayna sərhədindəki Donetskdə Ukrayna ordusu ilə müharibəyə başlayıb. Rusiya separatçılarının bölgədəki təsiri və nəzarəti davam edərkən, Ukrayna 8 ildir ki, torpaqlarını geri almağa çalışır.