Təlim zamanı təyyarədaşıyan gəmiyə enməyə cəhd edən F-35 qəzaya uğrayıb. Təyyarədən özünü atmağı bacaran pilot sağ qalıb, 7 nəfər isə yaralanıb.
Cənubi Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Carl Vinson təyyarədaşıyan gəmisi hərbi təlim zamanı fəlakət ərəfəsində olub.
ABŞ-ın F-35 qırıcısı təyyarədaşıyan gəmiyə enmək istəyərkən qəzaya uğrayıb.
ABŞ Sakit Okean Donanması Komandanlığından verilən açıqlamada hadisənin göyərtədə baş verdiyi və özünü təhlükəsiz şəkildə atmağı bacaran pilotun yaxınlıqdakı sularda sağ-salamat xilas edildiyi bildirilib.
Qəza ilə bağlı ətraflı məlumat paylaşılmasa da, göyərtədə yaralanan 7 dənizçidən üçünün Filippinin Manila şəhərindəki tibb müəssisəsinə göndərildiyi, 4 dənizçinin isə gəmidə müalicəsi aparıldığı bildirilib. Təyyarənin gövdəsinin hara düşdüyü isə açıqlanmayıb.