Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb,
İctimairey.az bu barədə Türkiyə liderinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Dekabrın əvvəlində Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə 3+3 regional məsləhətçi platformasının ilk iclası keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi isə, Tbilisinin bu formatda iştirakdan imtina etdiyini təsdiqləyib.
“Prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. Onun sözlərinə görə, Ankara Azərbaycan Prezidenti İlham Əliyevlə birgə işlənib hazırlanmış 3+3 platforması çərçivəsində Türkiyədə növbəti görüş keçirməyi planlaşdırır”, – məlumatda deyilir.
İrəvanın mövqeyi
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, “3+3” formatında ilk görüşün təəssüratları müsbətdir, lakin müəyyən risklər var. O qeyd edib ki, Ermənistan respublikanın maraqlarına cavab vermədiyi təqdirdə, bu regional platformanın işində iştirakdan imtina edə bilər.
Qarabağ üzrə əməkdaşlıq təşəbbüsü və Transqafqazda 3+3 formatında iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi bundan əvvəl Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıblar, Gürcüstan dəfələrlə bu təşəbbüsdə iştirakdan imtina etdiyini bəyan edib, lakin Bakı və İrəvana sülhü qorumaq üçün, öz danışıqlar formatını – “üçlük” şəklində təklif edib.