Formula 1 üzrə dünya çempionatının bəzi mərhələlərinin açılış mərasimlərində hərbi təyyarələrin nümunəvi uçuşu qadağan olunub.
İctimairey.az “Racingnews365” portalına istinadla xəbər verir ki, Qran-prilərin təşkilatçıları bununla bağlı Formula 1 rəhbərliyindən məktub alıblar. Qadağaya səbəb Formula 1 proqramı çərçivəsində karbon emissiyalarının 2030-cu ilədək azaldılması istəyidir.
Hərbi təyyarələrin uçuşları adətən Monzada, Silverstoun və digər Qran-prilərin açılış mərasimlərində keçirilir. Bu uçuşlar 2022-ci ildən qadağan ediləcək.
Qadağanın digər səbəbi də Formula 1 rəhbərliyinin belə şouların hərbi nümayiş kimi qəbul oluna biləcəyindən və ya ölkələrə hərbi qüdrətlərini nümayiş etdirmək üçün platforma təqdim olunması kimi qələmə verilməsindən ehtiyatlanmasıdır.
Təşkilatçılara köhnə təyyarələr və ya kommersiya təyinatlı laynerlərlə parad keçirməyə icazə verilib. Belə ki, aviaşirkətlərdən ekoloji cəhətdən təmiz yanacaqdan istifadə tələb olunur.
Qeyd edək ki, ötən il Bəhreyn Qran-Prisi başlamazdan əvvəl “Gulf Airlines” şirkəti ikinci nəsil bioyanacaqla təchiz edilmiş “Boeing 787-9 Dreamliner” təyyarəsinin uçuşunu təşkil etmişdi.