Xəlil Rza Ulutürk: Zaman səni dana bilməz, Zaman bu kəsiri bitirməliydi, Vaqifi bu günə gətirməliydi, Sazla şerimizi öpüşdürməyə, bir şair Zəlimxan yetirməliydi. (Ardı)

0

Zəlimxan Yaqub ömür adlı bir yükü çiyinlərinə alıb qışdan yaza çıxıb, yazdan yaya gəlib, yağış kimi torpağın ciyərinə hopub, şimşəklərlə döyüşüb, ilk yuvası qarlı zirvələr olub, gülləri-çiçəkləri saya-saya gəlib, dən-dən olub dünyanın ələyindən keçib, Haqqın verdiyi haqqı-saya gəlib (“Gəlmişəm”).

Kimdir Zəlimxan? Hardan gəlir Zəlimxan? Onun bunca oxucu rəğbəti, ümumxalq sevgisi qazanmasının səbəbi nədir? Bu suallara cavabı onun şeirlərində axtarmazdan öncə, ictimai-siyasi xadimlərin, tanınmış elm adamlarının fikirlərinə müraciət edək: “Zəlimxan Yaqub minillik poyeimazını fenomenalhafizəsində, yaddaşında qəzdirən qeyri-adi bir söz xəzinəsidir. Onun şairliyi də məhz bu xalq çeşməsindən, klassik irsimizdən mayalanır”(Şamil Qurbanov). “Zəlimxan, bəlkə də, yeganə şairdir ki, klassik ədəbiyyatımızın, el sənətkarlarımızın ən yüksək yaradıcılıq incilərini, müasiri olan şairlərin ən gözəl şeirlərini əzbər bilir. Bəlkə də, yeganə şairdir ki, öz qələmindən çıxan bütün şeirləri yaddaşına həkk etmişdir” (Qəzənfər Kazımov). Professor Qəzənfər Paşayev isə yazır: “Zəlimxan Yaqub poeziyamıza qaynar təbi, ənənəyə, ədəbi meyarlara yüksək bağlılığı və öz taleyi, bənzərsiz dəst-xətti ilə gələn şairdir. O, xalq ruhu ilə qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbini dilləndirən sənətkardır. Yaranışdan şair ömrü yaşayıb, yaza-yaza dünyanı, ən çox da türk dünyasını, el-obanı gəzib, gəzə-gəzə yazıb-yaradıb”.

Zəlimxan Yaqub bir ovuc torpağın, bir qurtum suyun, bir əsim küləyin, bir əlçim buludun, bir udum mehin, bir çaxım şimşəyin, sünbülün, bir şirin diləyin yetirməsidir, nazını bərəkətli tarlalar, zəmilər, al-əlvan çiçəkli çəmənlər çəkib, bulaqlar könlünə süzülüb, ocaqlar közündən od verib ona (“Yetirməsiyəm”). Ruhu halal mayadan, mayası nurdan, ziyadan yoğrulan, Haqqın yaraşığı olan sözə tapınan Zəlimxan Yaqub İlahi səsdən, ələmdən, yasdan, Haqq adlı dostdan gəlib. Gül kimi açılaraq gü¬lüstan olub, “mənəm Haqqın aşığı” deyərək sinəsində türkün sazı, dilində dastan Füzulidən süzülüb, Yunusdan gəlib. (“Gəldim”) Qəlbin xəstəliyi adlandırdığı qərəzi heç zaman yaxına buraxmayıb, bir çiçəyi vaxtsız solan görəndə xəzana dönüb. Tale onu söz üstə kökləyib, qələmdən pay verərək yazı yazanlara qarışdırıb, bir kök üstə şaxələnib min budaq olub. (“Ozan olub ozanlara qarışdım”) Qeybətdən, dedi-qodudan uzaq durub: Otuz il əlimdə qələm işlədi, Varağa bir kəlmə qeybət düşmədi. Əsdi mən tərəfdən sevda yolları, Heç kəsin payına nifrət düşmədi. “Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam”, – deyən şair onu duya bilməyənlərə, “Zəlimxan Yaqub hardadır?” – deyənlərə çox aydın cavab verir ki, “ey əsli olmayan kəs, duya bilməzsən məni”, mən soyda, kökdə, əsildə, zatdayam, Adəmdən, Nuhdan gələn yolların yolçusuyam, Haqqa çataçatdayam, “məndə məni görməyə səndə bir mənlik gərək” (“Həmişə həyatdayam”). Belələrinə həm də deyir ki: Sən şeytan yoluyla qazandığını, Mən Allah yoluyla çoxdan almışam. Boynumda heç kəsin minnəti yoxdur, Mənə nə verilib, Haqdan almışam. (“İtirdiyim dosta ərməğan”) Şairlik Allah vergisi, fitri istedad olmaqla yanaşı, həm də böyük zəhmət, yuxusuz gecələr deməkdir, təbiəti və insanları duymaq və sevməkdir, daim xalqın içində olmaq, onun dərdinəsərinə qalmaq, sevincinə şərik olmaqdır. Professor N.Şəmsizadə yazır: “Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının işığında gedir”. Professsor M.Məmmədli isə “Tanrı Zəlimxanı şair yaratmaqla onu mükafatlandırıb. Tanrı payı Zəlimxan Yaqubun ən böyük mükafatıdır”, – deyir. Z.Yaqub da “Mən hardan bilərdim şairlik nədir?” şeirində deyir ki, torpaqdan, toxumdan, dəndən, Qurandan, dindən, dərdlinin göylərə səs salan ünündən, qopuzdan, Qorquddan gəlməsəydim, ana təbiətin yaratdıqları qəlbimi riqqətə gətirməsəydi, göylərdən süzülən pıçıltıları könül duymasaydı, mən hardan bilərdim şairlik nədir. “Şair qələmiylə işin olmasın” şeirində şeir-sənət qədri bilməyənlərə, poeziyanı duymayanlara üz tutaraq deyir ki, “qələmin dünyası ocaqdı, pirdi”, mənim qələmim ustadların yoludur, ocağın, pirin yolunda can verib, şərin qarşısını kəsən hasara çevrilib. Bu qələm göydə mələkdi, yerdə pəridi, Koroğlu dəlisidi, dərvişdi, ozandı, zülmətlərə işıq saçandı. Dərviş Yunusdan dərs alıb ərənlər sözüylə vüsala çatan bu qələm “hər ulu kişiyə bir əsər yazıb”. Şair sözünə biganə olanları, ona şübhə edənləri Haqqın qəzəbindən qorxmağa çağırır. Şair “bostanına daş atanlara” təəssüf hissilə deyir ki, əl sənin olsa da, atdığın daş səninki deyil, “ağıl özgənindi, baş sənin deyil”. “Dünyaya gərəyəm” şeirində: Dünya məndən keçsin, özünə baxsın, Göz kimi gərəyəm mən bu dünyaya – deyən şair bu dünyaya gərək olduğunun fərqindədir və deyir ki, “gərəksiz, Allahın xoşuna gəlməz”, mən də bu dünyaya söz kimi, “sönən ocaqları qalamaq üçün köz kimi” gərəyəm: Yerin ləngəriyəm, göyün qatıyam, Bir layla, bir qoşma, bir bayatıyam. Duyan könüllərin havacatıyam, Söz kimi gərəyəm mən bu dünyaya. Sonralar “Mən bu dünyaya niyə gəldim, faydalı bir iş görə bildimmi, savabımmı çox oldu, günahımmı?” – deyə özü-özünə sual edən Z.Yaqub hələ 1977-ci ildə yazdığı şeirlərindən birində deyir ki, “elə arxalansa şair ilhamı, onu şimşəklər də yenəsi deyil”. Söz adamının qismətinə yazılan tale ilə barışır: Şair olan öz ömrünü yaşamır, Dərdin-qəmin bol ömrünü yaşayır. Yolçuların yoldaşına çevrilir, Cığır açır, yol ömrünü yaşayır. Söz üçün ən ulu dərgaha varıb, sözün eşqinə sinəsini yarıb, söz dalınca səfərə çıxıb, dolu gedib, dolu gəlib, sonunda özünə çatan yolu gəlib Zəlimxan Yaqub. Heç nə qarşısını kəsə bilməyib, çünki sözü ötkəm, inamı qəti olub. Elə buna görə də inamla deyirI: Məni qorxutmadı heç vaxt, heç zaman Birinci olmağın məsuliyyəti. Bəli, birinci olmağın məsuliyyəti onu heç zaman qorxutmayıb, öz gücünə, zəhmətinə və istedadına arxalanaraq şöhrətin zirvəsinə aparan yolda inamla addımlayıb. “Üzü qaralmasa ağ varaqların, şairin həyatda üzü ağ olmaz”, – deyib, qələm adamı kimi, bir həqiqəti unutmayıb: “Yazanlar qaldı yaddaşda, yatanlar şair olmadı”. Haqq əmək isə heç zaman yerdə qalmır: Kitab çəmənindən gül dərə-dərə, Kitablara döndü alnımın təri. Bu gün də qaldırır məni göylərə, Müəllim atamın öyrətdikləri. Şairin yolunu bərəkət yolu hesab edib “dən-dən könüllərə səpələnən”, bir dağa söykənib “neçə min il yaşamağa heyi var mənim ömrümün” deyən, sərvəti “söz adlı zəmi” olan şair “haçansa bir insan gələr, əldə çıraq gəzər məni” deyir və haqlı olaraq artıq indidən əbədiyaşarılıq qazandığına inanır: Daha gecdi, könüllərdə kitabım var, Qat-qat olan qayaların qaşı qədər. Daha gecdi, zaman məni dana bilməz, Yaşamışam bu dünyanın yaşı qədər.

 

Musa NƏBİOĞLU. Yazıçı-publisist.

 

Начало формы

 

 23 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »