Küçədən hakimiyyətə gələn şəxs Qazaxıstandakı vəziyyəti şərh edərək, hadisələrin bu cür inkişafının yolverilməz olduğunu bəyan edir. Ermənistanın baş naziri Nikol Paşinyan bu cür açıqlamaları ilə növbəti dəfə özünü gülünc vəziyyətə salıb.
Bu barədə yanvarın 10-da müxalif “Ermənistan” blokunun üzvü Ara Vardanyan jurnalistlərlə görüşündə bildirib.
Üstəlik, müxalifətçinin qeyd etdiyi kimi, Paşinyan etirazçıları “terrorçu” adlandırıb. “Yaxşı, Paşinyan nəhayət özünü terrorçu kimi tanıdığı üçün şadam. Əlbəttə, mən daha sərt səciyyə verərdim, amma gəlin onun sadəcə terrorçu olması ilə barışaq”, – Vardanyan 2008-ci il martın 1-də İrəvanda baş vermiş hadisələrə işarə edərək deyib.
Müxalifət blokunun üzvü xatırladıb ki, 90-cı illərin əvvəllərində Qərb SSRİ-nin dağılmasına öz töhfəsini verə bildi, indi isə Qərb bundan xəbərsiz olaraq, onun dirçəlişinə öz töhfəsini verir. “Bu, Rusiyaya qonşuları ilə yeni qarşılıqlı əlaqə formatları tapmaqdan başqa seçim qoymur. Bu, güc mərkəzlərinin yenidən qruplaşdırılması prosesinin davamıdır. Aydındır ki, Rusiya, Çin və İran ABŞ və Aİ üçün kifayət qədər ciddi alternativə çevriliblər”, – deyə Vardanyan Moskva, Çin və İranın uzunmüddətli perspektivdə daha da güclənəcəyinə işarə edib.
Eyni zamanda o, Ermənistanda hakimiyyətin qərbyönümlü olmasına işarə edib. “Onlar Qərbin, Türkiyənin tərəfindədirlər. Buna baxmayaraq, Rusiya Federasiyası indiyədək Ermənistandakı mövcud hakimiyyətdən müəyyən məsələlərdə istifadə etməyi bacarıb. Bu, şübhəsiz ki, Qərbin müəyyən reaksiyasına səbəb olacaq. Nikol Paşinyan bəzən Qərbdən, sonra Rusiyadan yumruq alır və o, hamını qane etməyə çalışdıqca bu belə davam edəcək”, – deyə müxalifətçi bildirib.