Şimali Atlantika Alyansı (NATO) qoşunlarını Rusiya ilə sərhədlərdən daha da geri çəkməyə razılaşa bilər, belə bir imkan Moskva ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar zamanı müzakirə olunacaq.
İctimairey.az xəbər verir ki, bu barədə yanvarın 7-də ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb.
Blinkenə görə, alyans yalnız Rusiya-Ukrayna sərhədində gərginliyin azalacağı təqdirdə qoşunlarını çıxarmağa hazırdır. Bir şərtlə ki, Rusiya Federasiyası da qoşunlarını Ukrayna ilə sərhəddən çıxartmağa razı olsun.
Eyni zamanda, cümə günü səhər saatlarında ABŞ dövlət katibi Entoni Blinken deyib ki, NATO danışıqlarda şərqə doğru genişlənmək üzrə öhdəlik götürməyəcək, çünki təşkilatın nizamnamə sənədləri ona qoşulmaq istəyən digər ölkələrin də imkanlarını nəzərdə tutur.
O vurğulayıb ki, Rusiya Qərbi dialoqun mümkün pozulmasında ittiham etmək üçün ABŞ-a bir sıra “tamamilə keçilməz” təhlükəsizlik tələbləri irəli sürür.
Həmin günün əvvəlində dövlət katibi bəyan etdi ki, ABŞ və onun Rusiya Federasiyası ilə təhlükəsizlik danışıqlarında müttəfiqləri Ukrayna ətrafında gərginliyin diplomatik yolla yumşaldılmasına fəal şəkildə çalışacaqlar. Blinken qeyd edib ki, ABŞ Rusiyanın gələcək təcavüzünə qəti cavab verəcək, lakin diplomatik həll hələ də mümkündür və üstünlük təşkil edir.
Həmçinin cümə günü NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyanın təhlükəsizlik problemlərini dinləməyə hazırdır, lakin Moskvanın alyans ölkələrinin narahatlığını da eşitəcəyini gözləyir.