Çinin cənub-şərqindəki Hançjou hava limanında Rusiyanın Aviastar-Tu şirkətinə məxsus Tu-204 yük təyyarəsi yanıb.
İctimairey.az xəbər verir ki, yanvarın 8-də yanğın zamanı təyyarə yerdə olub. Yanğın yük anbarında başlayıb.
Məlumatına görə, təyyarə bir gün əvvəl Novosibirsk Tolmaçevo hava limanından uçub, yanğın zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Yanğın zamanı yük bölməsində 20 tona yaxın yük, yanacaq çənlərində isə 26 ton aviasiya yanacağı olub.
Agentliyin məlumatına görə, yanğınsöndürənlər və təcili tibbi yardım maşını qəza xəbərini aldıqdan iki dəqiqə sonra hadisə yerinə gəlib. Onlar 8 ekipaj üzvünü xilas edərək yanğını söndürüblər.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi üçün araşdırma aparılır.
Hadisə yerindən çəkilmiş fotoşəkillərə əsasən, yanğın nəticəsində təyyarə ciddi zədələnib – yanğınsöndürmə briqadalarının çevik və bacarıqlı reaksiyasına baxmayaraq, təyyarənin korpusu yanıb, gövdəsi isə parçalanıb. Çox güman ki, təyyarəni bərpa etmək mümkün deyil.