Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı Kliniki Tibbi Mərkəzə müraciətlərin sayı artıb. Xəstələnən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur.
Uşaqlar arasında geniş yayılmış həmin infeksiya mövsümi xarakter daşıyır. Bəzi uşaqların infeksiyanı müəyyən qədər ağır keçirməsi onların yeni növ koronavirusa (COVID-19) yoluxması demək deyil. Nəzərə almaq lazımdır ki, uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir.
İctimairey.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynova məlumat verib.
Həkim-mütəxəssisin dediyinə görə, immunitet zəifliyi, kütləvi tədbirlərdə yaxın təmaslar uşaqlar arasında xəstəliklərin kütləviləşməsinin əsas səbəblərindəndir.
“Valideynlərə tövsiyə edilir ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşsinlər. Həkimlə əlaqə qurana qədər valideynlər uşaqlara çoxlu maye içirtməli, qızdırmanın normaya düşməsi üçün hərarətsalıcı dərman verməlidirlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicə ehtiyac olduğu halda yalnız həkim-mütəxəssis tərəfindən təyin edilə bilər. Sağlam qidalanmaq, gigiyena qaydalarına düzgün əməl etmək və başqaları ilə sıx təmasdan uzaq olmaqla virus infeksiyalardan qorunmaq mümkündür”, – deyə pediatr-infeksionist bildirib.