Düz on doqquz il əvvəlin söhbətidir. Soyuq dekabr günlərində, iki gün yarım dəmir magistralla şütüyən qatarımız, gecə vaxtı Moskvanın Kursk dəmir yolu vağzalının səkisində dayandı. Qarabağ həqiqətlərini əks etdirən rusca toplularla, qəzetlərlə və özümün yenicə işıq üzü görmüş kitabımın nüsxələrilə dolu iri, ağır sumkalarımı götürüb vaqonun çıxışına doğru addımladım. Bayırda çovğun, yerdə qar dizə yaxın idi. Təmiz havaya çıxan kimi, qışın nəfəsi ciyərlərimə doldu. Vağzalın gözləmə zalına gəldim.
Moskvanın göz yaşlarına inanmadığı dövrün qızğın, hətta qəddar çağlarıdır, əsayiş keşikçiləri hər canda bir terrorçu görür, əhali qaraqaş, qaragöz adamlardan ehtiyat eləyir. Mənim də yanımı kəsdirib, başımın üstündə durdular, itigözlü, ayıq-sayıq milislər
– Sənədlərini göstər, – hökmlə dedi onlardan biri.
– Buyurun, – təqdim etdim sənədlərimi. Sumkalarımı da ciddi yoxlamaya cəlb etdilər.
– Sənə kim icazə verib belə təxribat xarakterli kitablar gətirmisən? – soruşdular.
Bu nəşrlər təxribat yönümlü deyil, həqiqəti əks etdirən kitab və qəzetlərdir. Bir il öncə iki ölkə prezidentləri bəyannamə imzalayıblar, o sənədin tələbləri imkan verir ki, mən bu topluları və mətbuat vasitələrini Rusiyanın Yazıçılar və Jurnalistlər İttifaqlarına, Azərbaycan səfirliyinə və bizim milli diaspor icmalarına çatdırım.
– Bunun üçün ayrıca sənədin olmalıdır, yoxdursa bu günki qatarla geri qayıdacaqsan, – dedi milis baş leytenantı.
– Sənədim var – dedim, sonra da, mənim qonşu ölkəyə yaradıcılıq səfərinə getməyimə dair Rusiya Yazıçılar İttifaqının rəhbərliyinin adına Çingiz Abdullayevin yazdığı məktubu göstərdim… Xülasə, məndən uzaqlaşdılar. Taksiyə yaxınlaşdım, tanıdığım bir yataqxanaya aparmasını xahiş elədim. Gəlib çatdıq, giriş qapıları bağlı idi. Yaxınlıqda dayanan bir kişidən soruşdum, dedi məlum hadisələrlə bağlı yataqxananı bağlayıblar. Tanışlardan evinin yerini tanıdığım, uşaqlar üçün yazdığı əsərləri və müğənni Müslüm Maqomayevlə iş birliyi ilə tanınan kompozitor, əməkdar incəsənət xadimi Asya xanım Sultanova idi.
Bir neçə dəqiqədən sonra onun yaşadığı binanın yanında maşından düşdüm, artıq gecə saat üçdür, dəhlizə daxil oldum. Dayanmışam, “Gecənin bu vaxtı ahıl adamın qapısını necə döyüm?” sualını verirəm özümə.
***
Bir il qabaq görüşümüz zamanı (gülərüzlə bir yerdə foto-şəkil də çəkdirmişdik) Asya xanım mənə demişdi: “Bakıdan ötrü çox darıxıram. İstəyirəm gəlim ora, dənizkənarı bulvarda skameykada əyləşim, Xəzərə baxım, baxım, baxım. Yorulmaram onun göy ləpələrini seyr etməkdən. Yaşıl ağacların arası ilə hərəkət edim, onların qoxusu dəysin nəfəsimə, sonra da üz tutum Qız qalasına, İçəri şəhərə tərəf…
– Əlimi ürəyimin üstünə qoyub etiraf edirəm: Moskvada nə qədər yaşasam da, yenə Azərbaycana məxsus olan hər bir şeyin – torpağın, sözün, musiqinin, nəhayət, hətta ətirin həsrətini çəkirəm. Doğrudur, həmyerlilərimizin geniş bir təbəqəsini tanıyıram, belə ki, hər zaman əcdadlarımızın dilində istədiyim qədər danışa bilirəm. Azərbaycan musiqisini dinləmək və ifa etmək imkanım vardır. Ana dilimizdə istənilən yeni çap olunmuş kitabı axtarıb tapa bilirəm. Milli yeməklər bişirib, dostlarımı qonaq etmək məni sevindirir… Bu sözləri bir il öncə görüşümüz zamanı Asya xanım demişdi. Sonra da əlavə etmişdi ki, müxtəlif zamanlarda Moskvada çox güclü təşkilatlar yaradılsa da, zaman keçdikcə, onların bir küncü, sığınacağı olmadığından fəaliyyətləri heçə endi. Belə bir yer həm də Azərbaycandan gələnlər, paytaxt ali məktəblərində təhsil alanlar, alimlər, ictimai xadimlər, ümumiyyətlə, Rusiya torpağında yaşayan qonaqsevər azərbaycanlıların birliyinə, həmrəyliyinə can atan bütün adamlarına belə əlaqələr, görüşlər lazımdır. Bir sözlə, kimin necə yanaşmasından asılı olmayaraq, bizə milli mədəniyyət evi lazımdır…
İndi gecə yarısı, qışın oğlan çağında, onun qapısı ilə üz-üzə dayandığım dəqiqələrdə bu sözlər cingildədi qulaqlarımda.
***
Özümdə güc toplayıb qapını döydüm. Az keçmiş qapı üzümə açıldı.
– Xoş gəlmisən Ramin, keç içəri, – dedi Asya xanım. Sumkalarımı qoymağa yer göstərdi. Pürrəngi çay gətirdi. Bir neçə il öncə təzyiqdən xəstələnən atamı soruşdu. Tutuldum, baxışımı döşəməyə yönəltdim, bilmədim necə deyim… O məni duydu, kövrəldi. Atamın bir neçə il öncə öz əllərilə biz övladlarına yazdığı Vəsiyyətnaməni göstərdim. Eynəyini götürüb səbrlə, təmkinlə oxudu. “Ailəyə, yoldaş və dostlarınıza, bir-birinizə qarşı düz olun: “düzlükdən böyük biclik yoxdur deyib atalar”. “Hər bir adamın dostu olmalıdır. Dostun yoxdur axtar, tapdın qoru, dostluğun hər bir çətinliyinə dözmək lazımdır”. Bu yerləri ucadan oxuyurdu mənim həmsöhbətim. Sonra da mənə baxıb “Bu qızıl sözləri öz övladlarına yazan atanın – müəllimin övladı sənin kimi olmalıdır, – gözlərinin yaşını sildi,
– Sabah bunu aparacam redaksiyaya, qoy “Azərros” qəzetində dərc eləsinlər”, – dedi və sualedici nəzərlərlə mənə baxdı.
– Məsləhətdirsə, dərc eləsinlər, – cavab verdim.
Bir neçə gündən sonra atam haqqında qısa təqdimatla “Ata vəsiyyəti” sərlövhəsi altında qəzetin səhifəsində oxucu mühakiməsinə verildi bu sənəd.
Asya xanımın faydalı məsləhətləri çətin anlarda karıma gəlib. Moskvada bir çox ziyalılarla, onun yaratdığı dostluq körpüsü vasitəsilə görüşdüm, həmən o soyuqlu günlərdə. Dəyərli ziyalı Asya xanımın əziz xatirəsi mənə çox doğmadır, əzizdir.
***
22 noyabr 2021-ci ildə Moskvadan kədərlə dolu acı xəbər gəldi… Görkəmli kompozitor Asya Baxış qızı Sultanova ömrünün doxsan doqquzuncu baharında vəfat etmişdir.
ALLAH RƏHMƏT ELƏSİN, məşhur incəsət xadimi, nəcib insan, sədaqətli dost, Rusiyada Azərbaycan milli diaspor hərəkatının öncüllərindən biri, Asya xanım Sultanovaya!
Ramin MƏMMƏDOV Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, 1-ci Qarabağ müharibəsi veteranı, təqaüddə olan mayor, Azərbaycan Ağsaqqallar Şurası Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri.