Kanadada elm adamları və həkimlər son 2 ildə xüsusilə gənclərdə sirli beyin xəstəliyinin ortaya çıxdığını açıqlayıb. 2019-cu ildən bu yana əzələ spazmı, tarazlıq problemi və yaddaş itkisi kimi simptomları olan xəstəliyin səbəbini mütəxəssislər tapa bilməyib.
Alimlər və həkimlər Kanadanın bölgələrində gənclər arasında sirli beyin xəstəliyinin yayıldığını açıqlayıblar. Alimlər dünyanın bir sıra ölkələrinə bu xəstəlik barəsində sorğu ilə müraciət edib.
Xəstəliyin sayının artdığını iddia edən kanadalı həkim adını açıqlamadan xəstəliyin təhlükəli ölçülərə çata biləcəyini bildirib. Həkim beyin pozğunluğunun yaddaş itkisi, əzələ spazmı, balans problemi, yerimə çətinliyi, halüsinasiyalar, kilo itkisi və əzələ ağrılarına səbəb olduğunu açıqlayıb.
Xüsusilə gənclərin xəstələndiyi vurğulansa da, bunun “dəli dana xəstəliyi”nə bənzədiyi bildirilib. Britaniyanın “The Guardian” qəzetinə danışan yüksək vəzifəli məmur, bu halların xüsusilə gənclərdə meydana gəldiyini, xəstələnənlərin isə, əvvəllər heç bir sağlamlıq probleminin olmadığını qeyd edib.
Açıqlamalarda 30 yaşlarında bir qadının nitq problemi olduğu və artıq tək başına qidalana bilmədiyi, həmin qadına baxan 20 yaşlarında tibb bacısının da oxşar simptomlar göstərdiyi xatırladılıb.
Bildirilib ki, son iki ildə 48 hadisə qeydə alınıb, 150 hadisə isə şübhəli olub.
Alimlər bu xəstəliyin səbəbinin araşdırıldığını desələr də, bununla bağlı heç bir irəliləyişin olmadığı bildirilib.