Sudanın baş naziri Abdullah Hamdok istefa verdiyini açıqlayıb. Onun üçün belə çətin bir zamanda ölkəni idarə etmək şərəf olduğunu vurğulayıb.
Sudanın Baş naziri Abdullah Hamdok: “Bu günlərdə mən siyasi və hərbi qüvvələrin nümayəndələri, sülh prosesində tərəfdaşlarla vəziyyəti izah etmək və tanış etmək, habelə bu tarixi məsuliyyəti onlara həvalə etmək üçün görüşdüm. Bu səxavətli ölkənin digər övladlarına da bu keçid dövründə əziz vətənimizi sivil, demokratik dövlətə apara bilmək üçün Baş nazir vəzifəsindən istefa verirəm”.
Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri ölkədə keçid prosesi ilə bağlı yeni məsləhətləşmələrə ehtiyac olduğunu açıqlayıb.
Qeyd edək ki, Hamdok vəzifəsinə bərpa olunduqdan, ay yarım sonra vəzifəsini tərk edir. Bundan əvvəl o, ölkədə hərbi çevrilişə cəhddən sonra, bir müddət ev dustaqlığında olub. Sudanda siyasi böhran üç ilə yaxındır ki, davam edir. 2019-cu ildə hökumət əleyhinə kütləvi nümayişlərdən sonra, hərbçilər prezident Ömər əl-Bəşiri deviriblər.