Ukraynada 2022-ci il yanvarın 1-dən Rusiya gəmilərinin Ukrayna çayları ilə hərəkətini qadağan edən “Daxili su nəqliyyatı haqqında” qanun qüvvəyə minib.
Bu qanunvericilik aktı hələ 2020-ci ildə Ukrayna Ali Radası tərəfindən qəbul edilib. O, Rusiya yük gəmilərinin ölkənin daxili sularına daxil olmasını qadağan edir.
Bura Dnestr, Dunay, Dnepr və bir sıra başqa çaylar daxildir. Sənəd gəmiçilik sahəsində münasibətləri və qanunvericiliyin pozulmasına görə, gəmi sahiblərinin məsuliyyətini, həmçinin batmış gəmilərlə bağlı məsələləri tənzimləyir.
Qanun eyni zamanda, Rusiya Federasiyasının bayrağı altında üzən gəmilərə çay limanları arasında beynəlxalq reyslərdə sərnişin və yük daşımağı qadağan edir. Oxşar qadağa ölkənin daxili sularında sahilboyu yük daşımaları ilə bağlı da tətbiq edilib.
“Təcavüzkar dövlətin vətəndaşlarına məxsus və ya təcavüzkar dövlətin ərazisində qeydiyyatda olan sahibkarlıq subyektlərinə, habelə barəsində xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) tətbiq edilmiş fiziki və hüquqi şəxslərə Ukrayna ərazisinə daxil olmaq qadağandır. Sənəddə deyilir ki, “Sanksiyalar haqqında” Ukrayna Qanununa uyğun olaraq tətbiq edilib.
İctimairey.az xəbər verir ki, 2020-ci il dekabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ərazisində gəmiçilik sahəsində münasibətləri tənzimləyən “Daxili su nəqliyyatı haqqında” qanunu imzalayıb.
Sənəd “təcavüzkar dövlətin bayrağı altında üzən gəmilərin” ölkənin çaylarında gəzməsini qadağan edir. Qeyd olunur ki, bu qanun Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Sazişinin əsas tələblərinin həyata keçirilməsinə yönəlib.
Comments are closed.