Qeyri-kommersiya təşkilatına 250 min dollar bağışlayan aktyor 25 nəfəri mənzillə təmin etməyi bacarıb.
Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer evsiz veteranlara Milad hədiyyəsi edib. Los-Ancelesdə yerləşən FOX11-in məlumatına görə, Hollivud ulduzu öz pulu ilə evi olmayan yaşlı veteranlar üçün 25 ev alıb.
İctimairey.az xəbər verir ki, bunun üçün Şvartseneqqer küçədə yaşayan veteranlar və təqaüdçülər üçün ev tikən “Village for Vest” qeyri-kommersiya təşkilatına 250 min dollar bağışlayıbdı. Evlərin ölçüsü kifayət qədər kiçik olsa da, evlər elektrik, istilik və kondisionerlə təchiz olunub.
Keçmiş qubernator şəxsən Los-Ancelesin qərbində yerləşən bloka baş çəkib və belə səxavətli hədiyyəyə görə ona minnətdar olan insanlarla görüşüb.
“Qəhrəmanlarımızla vaxt keçirmək və onları yeni evlərində qarşılamaq heyrətamiz idi. Mənə hər şeyi verən bu ölkəyə bir şey verə bildikdə özümü yaxşı hiss edirəm”, – Şvartseneqqer sosial şəbəkədə yazıb.
Tədbirdə atası ilə birlikdə oğlu Patrik də iştirak edib. O bildirib ki, amerikalılar hər şeyi azadlıq uğrunda canlarını və ailələrini qurban vermiş veteranlarına borcludurlar.
Xatırladaq ki, Arnold Şvartseneqqer 24 yaşlı oğlu Kristoferlə birlikdə Veteranlar Günü şərəfinə ABŞ ordusunun veteranlarını pizza ilə qonaq etmişdi.
Keçmiş Kaliforniya qubernatoru səhiyyə müəssisələrini vacib avadanlıqlarla təmin edən Frontline Responders Fonduna da 1 milyon dollar bağışlayıb. Məşhur aktyor bildirib ki, “bu, ön cəbhədə olan həkimlərə kömək etməkdir”.