“İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri (ETSN) ilə birlikdə ölkəmizin zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa yönəldilməsi istiqamətində fəal iş aparırıq”.
İctimairey.az-ın məlumatına görə, bunu “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov bildirib.
“Artıq bir neçə ildir ki, ETSN-nin dəstəyi ilə əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsini həyata keçiririk. Layihə çərçivəsində yataqlar haqqında geoloji məlumatlar beynəlxalq standartlara uyğun qaydada elektronlaşdırılır. SSRİ dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar, (xəritə, mətn və qrafik əlavələr) elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazası yaradılıb. Görülən işlər yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarə edilməsinə kömək edəcək. Geoloji məlumatların rəqəmsallaşdırılması əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracaq”, – deyə o qeyd edib.