Akademik Ziya Bünyadov Azərbaycan şərqşünaslıq və tarix elmlərinin inkişafına mühüm töhfələr verib

0

Dekabrın 21-də dünyaşöhrətli şərqşünas-alim, görkəmli ictimai xadim, akademik Ziya Bünyadovun doğum günüdür.

O, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini və məhəbbətini qazanıb.

AZƏRTAC görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında Göyçay şəhərində orta məktəbi bitirib və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırıb. Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Ziya Bünyadov İkinci Dünya müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Ziya Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpasında fəal iştirak edib. O, 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına qəbul olub. Görkəmli sovet ərəbşünası, professor Yevgeni Belyayev onun müəllimi olub. Böyük şərqşünasla yaxınlıq onun sonrakı fəaliyyətində, ərəbşünas kimi formalaşmasında həlledici rol oynayıb. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin il Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin edilib.

Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin müəllimi olub. 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqşünaslıq İnstitutu o vaxt belə adlanıb) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləyib.

Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri. Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə orijinallığı ilə fərqlənirdi.

Dünyaşöhrətli alim zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb.

Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. 1965-ci ildə çap olunmuş “Azərbaycan VII-IX əsrlərdə” kitabı ona Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. O, akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.

Akademik Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Şərqşünaslıq İnstitutunun direktoru olub. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər (1997) yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.

Görkəmli alim şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub, İraq və Suriya üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.

1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA-nın Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.

Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayıb. İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, ölkəmizin cəfakeş vətəndaşı Ziya Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın, gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq.

İctimairey.az

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »