Şirvan şəhər sakini Soltanova Mehparə Sucayət qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olmuşdur.
İctimairey.az –a Şirvan şəhər prokurorluğundan daxil olan məlumata görə, prokurorluğa daxil olmuş müraciət əsasında aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mehparə Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına güya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla, 2019-cu ilin noyabr ayında ondan 1500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirmiş və onu rüşvət verməyə təhrik etmişdir.
Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.