Türkiyənin Ermənistan ilə münasibətlərinin normallaşması, Azərbaycanın əlinin daha da güclənməsinə xidmət edəcək.

0

Mövzusundan, mahiyyətindən asılı olmayaraq, az qala hər bir məsələyə neqativ münasibət sərgiləmək, hər olayı dərhal qara rəngdə təqdim etməyə çalışmaq, bəzi insanlarımızda, bəzi siyasi qüvvələrimizdə şakərə, pis vərdişə çevrilib.

Son vaxtlar Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması addımları çərçivəsində qarşılıqlı olaraq, xüsusi nümayəndələrin təyin edilməsini və hər iki tərəfdən müsbət bəyanatların səsləndirilməsini, Türkiyənin Ermənistana güzəştə getməsi kimi dəyərləndirənlər də, bu qəbildən olan insanlardır.

   Onu da qeyd edim ki, bu cür qərəzli zehniyyət sahibləri, xəstə təfəkkürlü şəxslər təkcə Azərbaycanda deyil, Türkiyədə də var. Türkiyə rəsmilərinin bu məsələ ilə bağlı “Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üzrə işlər Azərbaycanla koordinasiya olunaraq aparılır”, deyə dəfələrlə açıqlama verməsinə baxmayaraq, bu adamlar sanki qəsdən həmin açıqlamaları görməzdən gəlir və hər vəchlə suyu bulandırmağa, Azərbaycan ilə Türkiyə arasında heç olmasa, zərrə qədər də olsa, soyuqluq yaratmağa can atırlar.

Bu baxımdan Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun məhz belələrinin, bütün iddialarına son qoymaq məqsədilə söylədiyi bu fikirlər olduqca təqdirə layiqdir: “Biz Azərbaycan ilə hər bir məsələdə öncədən məşvərət edirik və Azərbaycanın məlumatı olaraq bu cür addımları atırıq. Kimsə Azərbaycandan xəbərsiz, ya da ayrı hərəkət edər kmi deyə sorğulamasın. Biz bir millət, iki dövlətik. Bunlar xeyirli addımlardır, hamımıza faydası olacaq”.

      Hörmətli Mövlud Çavuşoğlunun açıqlamasına əlavə və ya qüvvət olaraq, onu qeyd etmək istərdim ki, bu gün rəsmi Bakı da Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara pozitiv yanaşır. Çünki Türkiyənin Ermənistan ilə münasibətlərinin normallaşdırılması, Azərbaycanın əleyhinə və ya ziyanına deyil. Əksinə, bu addım gələcəkdə Ermənistanla münasibətlərdə Azərbaycanın əlinin daha da güclənməsinə xidmət edəcək. Bu gün Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində ilkin addımlar atmağa başlaması onu göstərir ki, Azərbaycan və Türkiyə öz gücünü qarşı tərəfə qəbul etdirməyə nail olub. Məsələyə bax, bu yöndən yanaşmaq lazımdır.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »