Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə vermişdir. Qəzet müxbirinin suallarını cavablandıran Ali Baş Komandan bir sıra vacib məsələlərə aydınlıq gətirmişdir. Bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Eyni zamnda, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri xüsusi əhəmiyyətə malikdir.

Qərara alınmışdı ki, Ermənistan tərəfindən dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Təəssüf ki, Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olacaqdır.

Müharibənin bitməsinə baxmayaraq rəsmi İrəvanın hərbi cinayətləri hələ də davam edir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi də öz həllini tapmayıb. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir, çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalara düşərək ya həlak olub və ya ağır yaralanmışdır.

Avropada ikili standart prinsipi yenə də davam edir. Belə ki, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur. Bundan əlavə, işğal illəri ərzində ermənilər tərəfindən Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılmışdır. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Ərazidə 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi.

Bundan başqa. Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil.

Ölkəmizdə media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet mövcuddur və senzura yoxdur. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidlərə məruz qalmır.

Digər bir məsələ ATƏT-in Minsk qrupunun fəaliyyətidir. Bildiyiniz kimi bu qrup 1992-ci ildən münaqişəni həll etmək üçün görəvləndirilimişdi. Lakin Minsk qrupu Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi, 28 il ərzində uğursuz fəaliyyət göstərdi. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz olmuşdur. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi, lakin tətbiq olunmadı.

Avropanın qaz təchizatı ilə əlaqədar olaraq, Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürmüşdür. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və bahalı layihədir. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacağı nəzərdə tutulmuşdur.

Bu illər ərzində neft və qazın ölkənin ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Lakin hələ də ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artmışdır. Energetikaya aid olmayan sənayemiz 20 faiz artmışdır. Bunlar yenicə müstəqillik qazanmış bir ölkə üçün əla göstəricilərdir.

Qeyd etmək lazıçdır ki, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artır. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Artıq azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr vardır.

Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə (habına) çevrilir. Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaqdır. Birinin açılışı artıq olub. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanmışdır.

44 günlük müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranmışdır və bu dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaqdır. Nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biridir. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir.

Nurlan Əliyev – Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

Leave A Reply

Your email address will not be published.

Tərcümə »