Səudiyyə Ərəbistanı istiqamətində minalanmış PUA-lar Səna Beynəlxalq Hava Limanından buraxılıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası İranın dəstəklədiyi Ənsarullah (Husi) hərəkatının üsyançıları tərəfindən krallığın cənub-qərbindəki Abha hava limanına doğru atılan üç minalanmış pilotsuz uçan aparatı məhv edib.
İctimairey.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi Ərəb Koalisiyasının hesabatına istinadən məlumat yayıb.
Məlumatda husilərin mülki şəxslərə hücum etməklə beynəlxalq hüququ pozduğu vurğulanır.
Agentlik bildirib ki, husilər minalanmış PUA-ları Səna Beynəlxalq Hava Limanından Səudiyyə Ərəbistanına doğru atıblar.
Hesabatda deyilir ki, koalisiya qüvvələri mülki insanları qorumaq üçün təhlükə mənbələri ilə mübarizəni davam etdirir.
Ənsarullah hələ ki, məlumatı şərh etməyib.
Ənsarullah Hərəkatı tez-tez Səudiyyə Ərəbistanının cənubuna ballistik raketlər və PUA-lardan istifadə edərək hücum edir.
Xatırladaq ki, Yəməndə 2014-cü ildən silahlı qarşıdurma davam edir və bu münaqişədə bir tərəfdən Ənsarullah şiə hərəkatının üsyançıları və Yəmənin devrilmiş prezidenti Əli Abdullah Salehin tərəfdarları, digər tərəfdən isə prezident Abdurabbuya sadiq hökumət Mənsur Hadi qoşunları iştirak edir.
Yəməndəki silahlı münaqişə səbəbindən 3 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin mart ayından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.