XOŞ XƏBƏR: “Ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları 823 manat olacaq”

0

    “Təhsil sistemində 255 minə yaxın şəxs çalışır.

Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir”.

Bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, bugünkü Sərəncamla dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, direktorların, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır: “Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşı isə 40 faiz artırılır. Müəllimlər iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrində təxminən 250 minə yaxın müəllim çalışır, bu müəllimlərin təxminən 82 faizi ali təhsilli müəllimlərdir. Bu gün onların orta aylıq vəzifə maaşları 264 manatdır. Bu vəzifə maaşları orta göstəricidir. Vəzifə maaşları müəllimlərin pedaqoji stajından asılı olaraq fərqlənir. 3 ildən 18 ilə qədər staj üzrə fərqli əmək haqqı mövcuddur. Orta göstərici vəzifə maaşları 20 faiz artırsa, ali təhsilli ümumtəhsil müəssisələrində çalışan müəllimlərin maaşları orta hesabla 674 manat təşkil edəcək. Onu da qeyd edim ki, aylıq vəzifə maaşları 1 stavka 18 saat dərs yükü üçün hesablanmış aylıq maaşlardır. Amma faktiki olaraq müəllimlərimizin, xüsusilə Bakıda 18 saatdan artıq dərs yükü var. Bakıda orta hesabla bu, 22 saat təşkil edir. Əgər 22 saatlıq dərs yükünü götürsək, onda ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları təxminən 823 manat təşkil edəcək”.

    Təhsil nazirinin müavini deyib ki, “Bir sıra müəllimlərin maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir”.

“Xüsusilə də lisey və gimnaziyalarda çalışan müəllimlər var. Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin təxminən sayı 1400 nəfərdir. Onların vəzifə maaşlarına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyalarda çalışan müəllimlərin orta maaşı təxminən 950-1000 manat, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq maaşı 1200-1250 manat arasında olacaq”, – o deyib.

Nazir müavini gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşlarının da 40 faiz artırıldığını diqqətə çatdırıb. İ.İsayevin sözlərinə görə, onların maaşları təxminən 480-500 manat olacaq: “Çağırışaqədərki hazırlıq rəhbərlərinin sayı təxminən 3,3 min nəfərdir”.

O, ümumtəhsil müəssisələrində xüsusi sxemlə vəzifə maaşı müyyən edilən müəllimlərin, bir də dövlət ümumtəhsil müəssisələrində çalışan, amma vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunların sayı dövlət ümumtəhsil müəssisələrində təxminən 70 minə yaxındır:

“Bildiyiniz kimi, minimum əmək haqqının artması ilə bağlı da dövlət başçısı sərəncam imzalayıb. Bu o deməkdir ki, minimum əmək haqqı artdığı təqdirdə vahid tarif sorğu cədvəlində də dəyişikliklər baş verəcək. Orada da əmək haqqı artımı onlara da şamil ediləcək. Toplam olaraq onların da maaşı təxminən 450 manata qalxacaq. Hər iki qrup üzrə əmək haqqı artımına dövlət ümumtəhsil müəssisələrində növbəti ildən 320 milyon manatdan artıq vəsait sərf ediləcək. Bu vəsaitlər dövlət büdcəsində layihədə artıq nəzərdə tutulub və növbəti ildə sərf ediləcək”.

      1 milyona yaxın insanın maaşı artacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  bildirib ki, dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Yəni, bu gün imzalanan Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir.

Qeyd olunub ki, islahatların yeni mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »