Şimali Koreya hökuməti 11 gün ərzində vətəndaşlara gülməyi və spirtli içki qəbul etməyi qadağan edib.
İctimairey.az xəbər verir ki, bu barədə Koreya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, məhdudiyyətlər Kim Çen İrin ölümünün ildönümü ilə bağlıdır.
O da bildirilir ki, izdihamlı yerlərdə Şimali Koreyalılar hər hansı yaxşı əhval-ruhiyyə əlamətləri göstərməməlidir. Bu Kim Çen İrin ölümünün onuncu ildönümünə həsr olunmuş anım tədbirlərinin sonuna qədər davam edəcək.
Yerli mənbələr bildirirlər ki, yuxarıda qeyd olunanlarla yanaşı, dekabrın 17-də KXDR-in keçmiş liderinin vəfat etdiyi gün, vətəndaşlara mağazalara getmək də qadağan edilib. Ancaq, bunlar hələ bütün məhdudiyyətlər deyil.
Şimali koreyalılara matəm dövründə qohumları üçün dəfn mərasimi keçirmək, onlara yüksək səslə ağlamaq da qadağandır.
Hətta ölkədə xüsusi polis dəstəsi də təşkil olunub. Bu asayiş keşikçiləri ölkə vətəndaşlarının kədərli görünməsinə əmin olacaqlar.
Mediya belə bir məlumat da yayıblar ki, daha əvvəl Şimali Koreyada ən azı yeddi sakinin K-pop qruplarının kliplərini izlədiyi və ya yaydığı üçün edam edilib.
Qeyd edək ki, Kim Çen İr 2011-ci il dekabrın 17-də 69 yaşında ürəktutmasından vəfat edib. Şimali Koreyanın hazırkı lideri isə, onun oğlu Kim Çen Indır.