“10 noyabr və 11 yanvar bəyanatlarını imzalayan Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb”

0

Zəngəzur dəhlizi ilə bağlı məsələnin Bakıdan və ya Soçidən səsləndirilməsi bir ayrı, Brüsseldən – birləşmiş Avropanın və NATO alyansının siyasi mərkəzindən səsləndirilməsi isə tamam ayrı effekt verir, fərqli təəssürat yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının birmənalı və konkret mövqeyini ortaya qoyması olduqca təqdirəlayiqdir. Prezident haqlı olaraq vurğuladı ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır və Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir.

Ermənistan bunu etməyə borcludur və məhkumdur. Çünki 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayan Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb. Ermənistan bundan boyun qaçıra bilməz. Bu ölkənin sürüşkən mövqeli baş naziri Nikol Paşinyanın isə guya, 10 noyabr bəyanatında “dəhliz” sözünün yer almaması ilə bağlı söylədikləri isə söz oyunu və spekulyasiyadan başqa bir şey deyil. İmzaladığı öhdəliyin məsuliyyətini dərk etməyən Ermənistan liderinin sözlərin formal tərəfini qabartması sadəcə və sadəcə öz ölkəsinin ictimaiyyətini, daxili auditoriyanı aldatmaq cəhdidir. İlham Əliyev isə bu gün Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı məlum şərti irəli sürməklə Paşinyanın bu oyunlarının da qarşısını aldı. İndi düşmən ölkənin bu şərti düzgün dəyərləndirməkdən və qəbul etməkdən başqa bir yolu yoxdur.

İlham Əliyev istər Paşinyanın, istərsə də bütün ermənilərin anlaya biləcəyi tərzdə, çox sadə dildə izah etdi ki, bu gün Azərbaycan Laçın dəhlizindən sərbəst və təhlükəsiz istifadə etməyiniz üçün tam normal şərait yaradıb və Laçın dəhlizində heç bir post yoxdur. Deməli, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Məsələ bu qədər aydın və sadədir. Amma həm də prinsipial məsələdir. Əgər Ermənistan Azərbaycanın Zəngəzur dəhlizindən eyni şərtlərlə istifadə etmək haqqını tanımasa və karqolara, insanlara nəzarət etmək istəsə, o zaman Azərbaycan da Laçın dəhlizində gömrük postu açmaq imkanından yararlanacaq.

Odur ki, burada Ermənistanın yalnız iki seçimi var: ya Azərbaycanın şərtləri əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir, yadaki Laçın dəhlizindən istifadə etmək imkanını itirməsi ilə barışmalıdır. İlham Əliyevin də qeyd etdiyi kimi biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır. Azərbaycanın dövlət başçısının Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı bu cür prinsipial mövqe sərgiləməsi proseslərin sonrakı gedişində əlimizi daha da gücləndirəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »