Azərbaycanda “Qarabağa gəlmə ermənilərin dialekti” adlı kitab çapdan çıxıb.
İctimairey.az xəbər verir ki, tədqiqatçı Şahin Qocayevin müəllifi olduğu kitabda erməni dilçiləri tərəfindən yazılmış tədqiqatlara nəzər salınır.
4 fəsildən ibarət kitabda müəllif Qarabağa gəlmə ermənilərin dialektinin saxtalaşdırılmış tarixi ilə yanaşı linqivistik faktorlarını da təhlil edir.
Kitabda oxucuların qarşısında Qafqaz Albaniyasından tutmuş hazırkı dövrə qədər – erməni dilçilərin bu istiqamətdə apardıqları xüsusi düşünülmüş, sanki bir mərkəzdən idarə olunan strategiyası canlanır.
Həmçinin müəllif ilk öncə tarixin inkişafının gedişlərinə işıq salmaqla Qafqaz albanlarının yazısından başlayaraq, qrabarcadan Hind-Avropa elementlərinin Qarabağa gəlmə ermənilərin dialektologiyasına daxil olmasına toxunmaqla, bölgənin erməni tədqiqatçılarının iddia etdiyinin əksinə olaraq heç vaxt Hind-Avropa dil ailəsinə daxil olmadığını ən yüksək dərəcədə göstərir.
Buna görə də, tədqiqat işinin Qarabağ ermənilərinin dialekti deyil, məhz Qarabağa gəlmə ermənilərin dialekti olaraq adlandırılması dərin düşüncənin təzahürüdür. Bu nöqteyi-nəzərdən tədqiqat işi ikiqat əhəmiyyətlidir: oxucu həm məsələnin səbəb-nəticə zəncirini izləyə, həm də bundan daha vacib, erməni tədqiqatçılarının heç vaxt toxunmadığı, kənar nəzərlərdən gizli qalan məqamları məntiqli şəkildə anlaya bilər.
Xatırladaq ki, kitab bu istiqamətdə yazılan ilk tədqiqat işidir.