Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, Rusiya 2021-ci ilin sonuna qədər deportasiya edilmiş Gürcüstan vətəndaşları üçün 10 milyon avro ödəməyə yazılı şəkildə razılaşıb.
“Deportasiya edilənlərin işi ilə bağlı qərarı Strasburq məhkəməsi 2019-cu ilin yanvarında qəbul edib, o vaxtdan Rusiya bu öhdəliyi yerinə yetirməyib. Bütün bu müddət ərzində Gürcüstanın Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasını təmin etmək üçün fəal iş aparır. Biz Nazirlər Komitəsindəki avropalı həmkarlarımızla fəal əməkdaşlıq edirik və bu problemi həll etmək üçün praqmatik yol müəyyən etmişik, o, Rusiya tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin hesabına pul köçürməkdən və sonradan bu məbləğin paylanması məsələ ilə bağlı işdən ibarət olacaq. Noyabr ayında bu məsələnin həlli ilə bağlı görüş keçirildikdən sonra, biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Rusiya Federasiyası yazılı şəkildə bu öhdəliyi yerinə yetirməyə razılıq verdi. Artıq dekabr sessiyasında konkret müddət müəyyən edilib və Nazirlər Komitəsi Rusiyaya öhdəliklərini yerinə yetirmək üçün ilin sonuna qədər möhlət verib”, – Dzamaşvili bildirib.
Nazir müavininin sözlərinə görə, gürcü tərəfi ümid edir ki, “heç olmasa bu dəfə Rusiya bu öhdəliyi yerinə yetirəcək”. “Biz bu istiqamətdə xeyli irəliləyiş əldə edəcəyik. Rusiya bu öhdəliyi yerinə yetirdikdə, bu məbləğin birbaşa deportasiya edilmiş insanlara çatması üçün, hansı əlavə prosedurların olacağını ictimaiyyətə ətraflı izah edəcəyik”, – Dzamaşvili əlavə edib.
İctimairey.az xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin nazir müavinləri səviyyəsində keçirilən iclasından sonra, gürcü mətbuatı yazıb ki, Rusiya tezliklə 10 milyon avro ödəməlidir – 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarına Avropa İnsan Haqları Məhkəməsi tərəfindən verilən təzminat. Avropa Şurasının saytında dərc olunan qərarda deyilirdi ki, ödəniş “istənilən halda ilin sonuna qədər” borclar üzrə hesablanmış faizlərlə birlikdə Avropa Şurasının bank hesabına həyata keçirilməlidir. Həmçinin qeyd olunub ki, Nazirlər Komitəsinin 2022-ci ilin martında, 1428-ci iclasında məsələnin müzakirəsinə qayıdacaq.