“Əziz Sancar çox haqlı olaraq ermənilərin Qarabağdakı barbarlığını yunanların bir əsr bundan öncə Türkiyədə törətdiyi vəhşiliklərlə müqayisə edir”

0

Bütün Türk dünyasının fəxri olan məşhur Nobel mükafatçısı, professor Əziz Sancarın bu gün mətbuat nümayəndələri üçün keçirilən brifinqdə işğaldan azad edilmiş ərazilərimizin erməni vandallları tərəfindən vəhşicəsinə talan edilməsi ilə bağlı söylədiyi fikirlər əslində Ermənistan üçün də, 30 il ərzində Ermənistanın işğalçılığına göz yuman dünya birliyi üçün də, bu terrorçu-təcasvüzkar dövlətə havadarlıq edən ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün də çox böyük bir ayıb sayılır. Onlar “Qarabağda yıxılmayan bir bina görmədim”, – deyən Nobelçi alimin bu sözlərindən utanmalıdırlar.

Əziz Sancar çox haqlı olaraq ermənilərin Qarabağdakı barbarlığını yunanların bir əsr bundan öncə Türkiyədə törətdiyi vəhşiliklərlə müqayisə edir: “Şuşaya gedərkən gördüklərim yunanların Anadoludan geri çəkilərkən etdiklərini xatırlatdı. Bu vəhşiliyi insan etməz. Qarabağda ayaqda duran, yıxılmayan, dağıdılmayan bir bina görmədim. Bu insanlıq üçün dəhşətdir. Bu qədər nifrət hardan gəlir”.

Gördüyümüz kimi dünya şöhrətli alim ermənilərin Qarabağda törətdiyi bu dəhşətli vandalizmin kökündə nifrət hissinin dayandığını vurğulayır. Bəli, xalqımıza, ölkəmizə, ərazilərimizə qarşı bu qədər amansız, ölçüsüz və miqyassız qəddar münasibət yalnız nifrət hissindən irəli gələ bilərdi. Söhbət ermənilərin bizə qarşı etnik-milli zəmində nifrətindən gedir. Əziz Sancar da məhz bu amili önə çəkir, qabardır.

Nobelçi alimin erməni faşizminin mahiyyətini açıb dünya ictimaiyyətinin üzünə çırpması olduqca təqdirəlayiq addımdır. Dünya birliyi nəhayət ki, illər uzunu görməzdən gəldiyi erməni faşizminin gerçək üzünü görməli, əsl həqiqətləri bilməlidir. Və bunu Nobel ödüllü bir alimin dilindən eşitməsi daha məqsədəuyğundur. Əziz Səncərin Qarabağdakı acı gerçəklikləri öz gözləri ilə görüb, real faktları dünyaya açıqlaması hesab edirəm ki, dünya ictimaiyyətinin yatmış vicdanına az da olsa toxunacaq, təsir göstərəcək.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »