Millət Vəkili Jalə Əhmədova: Laçında Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportunun tikintisinə start verilib
Laçın beynəlxalq hava limanı bölgənin statusunu və turizm potensialını artıracaq.
Azərbaycanın dilbər guşələrindən və zəngin təbii ehtiyatlara malik rayonlarından biri olan Laçın rayonunun işğaldan azad olunmasından bir il keçir.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının Ermənistan tərəfindən işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdu. Bundan başqa, işğal nəticəsində rayonda 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Ötən illər ərzində Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Nəhayət ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyuldu və Azərbaycan xalqı özü ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq qanunların aliliyini və tarixi ədaləti də bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl isə, noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonuna səfər edərək 2020-ci il fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Bu gün Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Hazırda Prezident İlham Əliyevin sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolu tikilməkdədir.
Regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biri isə Laçında beynəlxalq hava limanının inşasına başlanmasıdır. Bu hava limanının inşası bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına kömək edəcəkdir. Mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək və o, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaqdır.
Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi ölkəmizdə həm texniki, həm maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyilə güclü siyasi iradənin olduğunu sübut edir.