İrandan gətirilən kartofda karantin tətbiq edilən qonur çürüməsi aşkar edilib

0

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

İctimairey.az xəbər verir ki, AQTA-dan həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs “AGR GROUP” MMC tərəfindən İran İslam Respublikasından idxal edilən ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” – kartofun qonur çürüməsi) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »