Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabaddan Ankaraya uçarkən jurnalistlərə təyyarədə açıqlamasında deyib.
Belə ki, Ərdoğan Cənubi Qafqazdakı vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan prezidenti ilə söhbət zamanı Rusiya tərəfinin təşəbbüsü ilə noyabrın 26-da Soçidə Rusiya Federasiyası və Ermənistan liderləri ilə keçirilən üçtərəfli görüşünün yekunları barədə müzakirə edildi.
“Qardaşım İlham Əliyev görüşün müsbət və məhsuldar keçdiyini bildirib. Araz çayı boyu dəmir yolu və avtomobil yolunun çəkilməsi məsələsi öz həllini tapıb. Gündəlikdə avtomobil yolunun tikintisi var ki, onun da bir hissəsi Türkiyənin Yğdırına qədər Ermənistan ərazisindən keçəcək”, – Türkiyə lideri bildirib.
İctimairey.az qeyd edir ki, Ərdoğan Türkiyə tərəfinin Cənubi Qafqazda 3+3 dialoq platformasının formalaşdırılması təşəbbüsünü də xatırladıb. “Bu platformaya Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və dəstəklənəcəyi təqdirdə Gürcüstan daxil ola bilər. Bu platforma regionda sülh istəyinin göstəricisinə çevriləcək. Bu istiqamətdə müsbət addımlar var”, – Türkiyə dövlət başçısı bildirib.