Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev noyabrın 27-də ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İctimairey.az Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, söhbət zamanı dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında sıx əlaqələrin qurulmasından və mövcud dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunmuş, gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir. Transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edən Xidmət rəisi Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sisteminin formalaşdırıldığını diqqətə çatdırmışdır.
Eyni zamanda, ölkələrin təhlükəsizlik orqanlarının Akademiyaları arasında işbirliyinin genişləndirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının biliklərinin və təcrübələrinin artırılması, kadrların hazırlanması məqsədilə İtaliyanın müvafiq təhsil ocağında təşkil olunmuş kurslara cəlb olunması xüsusi vurğulanmışdır. Səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən italiyalı qonaq ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını, iki dövlətin çoxşaxəli əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və daha müntəzəm olacağına əminliyini ifadə etmişdir.
Yuxarıda sadalanan təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətindən də danışan Cüzeppe Zafarana İtaliya ilə Azərbaycan arasında möhkəm və davamlı tərəfdaşlığın olduğunu demişdir. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı geniş müzakirələr aparılmışdır.