“Tam sağlam rəqabət olsaydı, qiymətlər bəlkə də qalxmazdı, Azərbaycanda inhisarçılıq problemi var”

0

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə hələ ki araşdırma aparır.

Əvvəllər qiymət artımları ilə, adətən, bayramlar ərəfəsində rastlaşırdıqsa, indi bu artımlar hər ay, bir sıra məhsullarda isə demək olar ki, hər həftə, hətta hər gün baş verir. Bunun nəticəsidir ki, son aylar ərzində Azərbaycanda həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir.
Xüsusi qeyd edilməlidir ki, bəzi sahibkarlar məhsulların qiymətlərinin birdən-birə, nəzərəçarpan dərəcədə artırılması üsulundan çəkinərək qiymətlərin hər gün az-az, qəpik-qəpik qaldırılması prinsipinə üstünlük verirlər. İlk baxışdan bu artımlar kiçik məbləğdə olduğu üçün gözə çarpmaya bilər. Amma ay ərzində baş verən belə artımları toplum halda hesablayanda məhsulun qiymətinin əvvəlki aylara nisbətən hiss edilən səviyyədə bahalaşdığını görmək olur.

İdxal məhsullarının qiyməti 25 faizədək artıb

Bahalaşmanın baş verdiyi rəsmi məlumatlarda da bu öz təsdiqini tapır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi (istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstərici) sentyabr ayı ilə müqayisədə 101,6 faiz, 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,7 faiz təşkil edib. 2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 102,8 faiz, 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106,7 faiz olub.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirir ki, yanvar-sentyabr aylarında idxal məhsullarının qiyməti 21, bəzi məhsullarda isə 25 faiz artıb. O, artım səbəbini bazarda tələblərin çoxalması, istehsal xərclərinin yüksəlməsi nəticəsində dünya bazarlarında artan qiymətlərin Azərbaycanın istehlak indeksinə birbaşa təsiri, ticarət tərəfdaşımız olan ölkələrdə yüksək inflyasiyanın müşahidə olunması ilə izah edir.
Ölkəmizdə inflyasiyanın 4,8 faiz olduğunu nəzərə çatdıran S.Həsənova deyir ki, cari ildə inflyasiyanın aşağı düşməsi gözlənilir. Növbəti ildə qiymətlərin builki kimi kəskin artımı proqnozlaşdırılmır. İnflyasiyanın 4 faiz ətrafında olması planlaşdırılır.

Maliyyə naziri Samir Şərifov qiymətlərin qalxmasında rüsumların məbləğinin artırılması amilinin olmasını qəbul etmir. Nazir dövlət rüsumlarının qalxması səbəbindən ərzaq məhsullarının qiymətlərinin artması barədə olan fikirləri tamamilə əsası olmayan uydurma adlandırıb. S.Şərifov dövlət rüsumlarında ərzaq məhsullarının qiymətinə təsir edəcək bir qəpik də olsun artımın olmadığını söyləyib.

Mikayıl Cabbarovun etirafı: “Mövcud qiymətlər son illərin ən yüksək həddindədir”

Ərzaq məhsullarının qiymətlərində illər üzrə bahalaşma müşahidə edilsə də, onlar son dövrlərdə heç bir zaman indiki qədər yüksək olmayıb. Qiymətlərə nəzər yetirsək görərik ki, 2008-ci ildə bir “zavod” çörəyinin qiyməti 20 qəpik, bir kiloqram un 40 qəpik, bir kiloqram ət 6 manat, bir ədəd yumurta 12 qəpik, 1 kiloqram kərə yağı 6 manat olduğu halda, hazırda bu məhsulların qiymətləri müvafiq olaraq, 40 qəpik, 60 qəpik, 13-14 manat, 20 qəpik, 18-20 manatdır.

Ərzaq məhsullarının hazırkı qiymətlərinin son 12 ilin ən yüksək qiymətləri olduğunu İqtisadiyyat naziri Mikayıl Cabbarov da deyib: “Son 12 ildə dünya bazarında qida qiymətləri nəzərəçarpacaq dərəcədə artıb və bunu biz də idxal etdiyimiz qida məhsullarında və inflyasiyanın səviyyəsində hiss edirik. Hətta Azərbaycanda istehsal olunan məhsullar belə ixrac imkanları olduğuna görə inflyasiya təzyiqi yaradır. Təəssüf ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə – məhsulun, malın qıtlığına və yaxud, ümumiyyətlə, mövcud olmamasına gətirib çıxarır. Mən bədbin proqnozlar vermək istəmirəm, amma güman edirəm ki, bu qış bir sıra ölkələrdə bu problemləri görəcəyik. Həmin problem yalnız qida ilə məhdudlaşmayacaq, enerji bazarına və ona oxşar sahələrə təsir edəcək. Elə amillər var ki, burada seçim pis və daha pis arasındadır”.

M.Cabbarov problemlə mübarizənin bir istiqaməti kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini daha da gücləndirməyə çalışdıqlarını söyləyib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, 2021-ci ilin ötən aylarında strateji sahələrdə tariflər artırıldı. Məsələn, benzinin, təbii qazın, suyun, elektrik enerjisinin tariflərinin artırılması ərzaq məhsullarının qiymətlərinin maya dəyərində bu və ya digər şəkildə özünü göstərdi.

Amma deputat qiymət artımının demək olar ki, hər gün baş verməsini də qeyri-normal sayır və burada subyektiv amillərin olmasını da istisna etmir: “İki cür qiymət artımı özünü göstərir ki, onların biri obyektiv, digəri subyektiv qiymətlərdir. Obyektiv qiymət artımları idxal olunan məhsullarda müşahidə olunur. Belə ki, xarici ölkələrdən idxal edilən məhsulların qiymətləri dünya bazarında yüksəkdirsə, Azərbaycanda yüksək olacaq. Bunu da nəzərə almaq lazımdır ki, həmin məhsulların üzərinə müəyyən vergilər və s. daxil edilir”.
V.Əhmədovun bildirdiyinə görə, Azərbaycanda istehsal olunan bir sıra məhsulların tərkibindəki bəzi komponentlər xaricdən idxal olunur və bu da qiymətin bahalaşmasına səbəb olur. Ancaq elə sahibkarlar var ki, məhsulun maya dəyəri bahalaşmasa belə yanacağın qiymətinin artdığını görən kimi qiymətləri özbaşına artırıblar. Belə yerli məhsulların qiymətinin qaldırılmasının qarşısının alınması üçün tədricən həmin komponentlərin ölkəmizdə istehsalına başlanılmalıdır. Azərbaycanda qida məhsullarının istehsalı müəssisələrinin sayı kifayət qədər olmadığı üçün yeni emal müəssisələri tikilməli, ölkənin özünü ərzaqla təmin etməsi üçün tələb olunan işlərin icrası sürətlənməlidir. Qiymət artımın qarşısının alınması üçün görülməsi lazım olan digər tədbir Azərbaycanda daxili bazarda ədalətli rəqabətin təmin edilməsidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »