Bakıda Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B-4” olan metrostansiyasının inşası davam edir. Artıq stansiyanın bəzi hissələrində işlər yekunlaşmaq üzrədir. Uzun müddətdir ki, Xocasən qəsəbəsində də yeni stansiyanın tikintisi aparılır. Bu stansiyanın gələn ilin sonuna istifadəyə veriləcəyi nəzərdə tutulub.
Paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən yeni metro stansiyasında tikinti işləri sürətləndirilib. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə icra edilir. Şərti adı B-4 olan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşir
Stansiyada tikinti işləri üç zonaya bölünməklə aparılır. Bakı Metropoliteni Qapalı Səhmidar cəmiyətinin tikinti departamentinin rəhbəri Məzahir Nəbiyev bildirdi ki, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan bu üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına şərait yaradır. Onun sözlərinə görə, artıq metronun tunellərində işlər yekunlaşıb.
Departament rəhbəri əlavə edib ki, yeni stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq və 4 giriş-çıxışının olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Məzahir Nəbiyev Xocasən stansiyasında işlərin nə vaxt yekunlacağına da aydınlıq gətirib. O bildirib ki, tikintisi davam etdirilən stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.