“Sorosçu” baş nazirin axtardığı “qızıl orta” və Soçi görüşü ərəfəsi İrəvandan verilən ikibaşlı bəyanatlarda hədəf; Ermənistan ərazi bütövlüyümüzü tanıyıbsa…
Sabah – noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri üçtərəfli və ikitərəfli formatlarda bir araya gələcəklər. Bu, 2021-ci il yanvarın 11-dən bu yana, bütövlükdə 44 günlük müharibədən sonra liderlər arasında ikinci canlı təmas olacaq. Budəfəki üçtərəfli görüşə də Ermənistan rəhbəri digər liderlərdən fərqli olaraq, olduqca kövrək daxili ictimai-siyasi dayaqları ilə gələcək. Soçi müzakirələrinə bu amilin necə təsir edəcəyini isə sabah biləcəyik.
Təsadüfi deyil ki, görüşdən iki gün öncə Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayım vasitəsilə erməni cəmiyyətini maraqlandıran ən ağrılı məsələlərə və suallara cavab verməyə, toplumdakı radikal ovqatı yumşaltmağa, ən əsası, onu bəzi “xoşagəlməz” qərarlara hazırlamağa çalışıb. Nə dərəcədə buna nail olub, bunu noyabrın 26-dan sonra görəcəyik.
*****
Məsələn, canlı yayında Paşinyan deyib ki, Azərbaycan və Ermənistan hələ 1991-ci ildə MDB çərçivəsində qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bildirib ki, demarkasiya və delimitasiya, Qarabağ, kommunikasiya xətləri ayrı-ayrı metodiki müzakirə tələb edən məsələlərdir.
“Ermənistan və Azərbaycan rəhbərliyi 1991-ci ildə MDB-nin sənədlərinə əsasən ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Bu, Qarabağ probleminin olmaması demək idimi?” – Paşinyan ikibaşlı sual edib. Ardınca qeyd edib ki, guya “Qarabağ ərazi yox, hüquqi məsələdir”, “Zəngəzur dəhlizi” anlayışını isə yenə yaxına buraxmayıb və s.
Yəni növbəti dəfə sadə həqiqətləri mürəkkəb kimi qələmə verməklə Nikol Paşinyan imza atdığı 10 noyabr kapitulyasiya aktını təftiş eləməyə cəhdlər edib. Söhbət xüsusən də sənədin 4-cü (erməni qanunsuz silahlı dəstələrinin ərazimizdən çıxarılması) və 9-cu bəndindən (kommunikasiyaların açılması, Zəngəzur dəhlizi) gedir.
Fakt budur ki, hər iki mühüm bənd hələ də reallaşmamış qalır. Çünki İrəvan rəsmi səviyyədə ölkəmizə qarşı ərazi iddiasından imtina eləməyib. Yoxsa ki, nə deməkdir “Qarabağ ərazi yox, hüquqi məsələdir”? Bəyəm ərazi məsələsi, ərazi bütövlüyü hüquqi məsələ deyil? Beynəlxalq hüquq necə olsun bəs?
İstisna deyil ki, belə ikibaşlı bəyanatlarla Nikol erməni cəmiyyətinin xüsusən də radikal kəsimini sakitləşdirmək istəyib. Lakin bununla həm də Azərbaycana qarşı ərazi iddiasının, Qarabağ erməniləri üçün “öz müqəddəratı təyinetmə” şərtinin də gündəmə olduğuna, ən azından bu kursa davam ediləcəyinə işarə vurub. Ermənistan baş nazirinin “konfliktin hərtərəfli həlli üçün” Minsk Qrupu formatının da vacib olduğunu söyləməsi son ehtimalı gücləndirir. Hərgah, çoxtərəfli danışıqlarda abı-havanı çoxdandır ki, İrəvan yox, Bakı, Ankara və Moskva müəyyən edir…
*****
Sual yaranır: əgər Ermənistan Paşinyanın dediyi kimi, Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıbsa, o zaman nədən ikitərəfli sülh müqaviləsini imzalamaqla həmin mövqeyi bir daha təsbit eləmək istəmir? Nə mane olur?
Sonuncu sual əlbəttə ki, ritorikdir. Maneə yaradan, sözsüz ki, Ermənistanın 2-ci Qarabağ savaşından sonra da əl çəkmək istəmədiyi yanlış kursdur. O kurs ki, erməni xalqını böyük fəlakətə gətirib çıxardı.
Ancaq enində-sonunda Paşinyan da, onun xalqı da “acı həb”i içməli olacaq. Birinci ona görə ki, Ermənistan hələ uzun zaman bizimlə şərtlə danışmaq gücündə olmayacaq. Bunun üçün onun nə yetərli iqtisadi-maliyyə potensialı, nə də hərbi resursları var. İkincisi və ən əsası, karta artıq erməni xalqının taleyi qoyulub, Azərbaycan və ya rus xalqlarının yox. Odur ki, nə qədər tez ağıllı seçim eləsələr, bir o qədər özlərinə yaxşılıq eləmiş olacaqlar.
“Biz Azərbaycanla ”qızıl orta”nı tapmalıyıq”. Bu sözləri də N.Paşinyan canlı yayımda sərhədlərin delimitasiyası və demarkasiyasından danışarkən deyib. Hansı “qızıl orta”?
Beləcə, sabahkı görüş ərəfəsi bir sıra suallar açıq qalır. Onlara Soçidə aydınlıq gəlməsə, dekabrın 15-də Brüssel görüşündən bunu gözləmək qat-qat az ehtimallı olacaq. Çünki Paşinyan Avropada özünü daha güvənli və arxayın hiss edir, orada daha çox dost-havadarları var, nəinki Rusiyada. Bu xüsusda bir sıra siyasi müşahidəçilər Brüssel görüşünün önəmini noyabrın 26-da Soçidə keçirilməsi planlaşdırılan sammitindən aşağı qiymətləndirirlər.
*****
Dünən yazı hazırlanarkən məlum oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Rusiya şirkətlərinin azad edilmiş ərazilərimizdə fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə edilib. Habelə Rusiya-Azərbaycan-Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli issiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Overçuka təşəkkür edib. O da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcək.
Bəllidir ki, A.Overçuk 11 yanvar 2021-ci il üçtərəfli Moskva anlaşması əsasında yaradılan ortaq komissiyanın Rusiyadan olan həmsədrdir. Onun İrəvana da gedəcəyi gözlənilirdi. Heç şübhə yox ki, belə yüksək səviyyəli təmaslar Soçi görüşü öncəsi son dəfə saat əqrəblərini tutuşdurmaq məqsədi güdür…
Mənbə: Musavat.com