Səudiyyə Ərəbistanı dünyanın ən böyük üzən sənaye kompleksini inşa edəcək

0

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən böyük üzən sənaye kompleksini inşa edəcəklərini açıqlayıb.

Bu barədə krallığın rəsmi SPA agentliyi bildirib. Məlumata görə, “Oxagon” adlanacaq kompleks Neom kimi tanınan sənaye şəhərində olacaq. Şahzadə Məhəmməd mətbuat konfransında bunun dünyanın ən böyük üzən sənaye kompleksi layihəsi olduğunu vurğulayıb.

Şahzadənin sözlərinə görə, “Oxagon” qlobal ticarət axını ilə yanaşı, Səudiyyə Ərəbistanının regional ticarətinə də dəstək verəcək. Daha əvvəl açıqladığı nəhəng “Neom layihəsi” çərçivəsində Neom şəhərində tikiləcək üzən kompleks üçün işlərə başlandığını qeyd edən vəliəhd sənaye şəhərinin sürətlə böyüdülməsinin planlaşdırıldığını da əlavə edib.

Şahzadə həmçinin qeyd edib ki, “Oxagon” xüsusilə Neomda və ümumilikdə Səudiyyə Ərəbistanında iqtisadi artım və diversifikasiya üçün başlanğıc nöqtəsi olacaq. Layihənin təbiətə zərər verməyəcəyinə diqqət çəkən Məhəmməd bin Salman bunun həm ətraf mühitin qorunmasına töhfə verəcəyini, həm də yeni iş yeri imkanları yaradacağını və iqtisadi artıma nail olacağını bildirib. Qeyd edək ki, vəliəhd şahzadə daha əvvəl Qırmızı dəniz sahilində İordaniya və Misir sərhədlərinə qədər uzanan 500 milyard dollarlıq sərmayə ilə “Neom Layihəsi” adı ilə nəhəng sənaye şəhərinin tikiləcəyinin anonsunu verib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »