Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi

0

29 illik zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etməsi təsadüfi xarakter daşımır. Hər şeydən əvvəl, Yeni Azərbaycan Partiyası milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib.

Azərbaycanın dinamik inkişafına öz layiqli -dəyərli töhfələrini verən Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olmasını göstərən ən mühüm amillərdən biri onun öz sıralarında dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün insanları birləşdirməsidir. Bu, partiyanın yüksək nüfuzunu əks etdirən başlıca göstəricilərdəndir.

Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb – Azərbaycanın xaos, qarşıdurma və tənəzzül ilə qarşı-qarşıya olduğu şəraitdə yaranıb. Həmin dövrdə müstəqilliyi yeni əldə etmiş respublikamız erməni təcavüzü ilə üzləşmişdi. Həmin vaxt hakimiyyətdə olan səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Ayrı-ayrı partiyalar isə silahlı dəstələrə malik qüvvələr kimi sırf öz korporativ maraqları uğrunda mübarizə aparırdılar. Yəni onlar üçün milli mənafe anlayışı və ölkənin xilası məsələsi heç bir əhəmiyyətə malik deyildi.
Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın ən yeni tarixinin möhtəşəm siyasi hadisəsi idi. Çünki bu partiya yarandıqdan sonra avanqard və mütərəqqi siyasi qüvvə kimi milli maraqlara xidmət edən siyasi fəaliyyəti ilə Azərbaycanın inkişafına fundamental töhfələr verdi, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında misilsiz xidmətlər göstərdi.

Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox insan birləşib və onların mühüm bir hissəsi gənclərdən ibarətdir. Yəni Azərbaycan gəncliyi YAP-ın sıralarında uğurla təmsil olunur, partiya isə gənclərə xüsusi diqqət və qayğı göstərir, onların ictimai-siyasi həyatda fəal iştirakına geniş şərait və əlverişli imkanlar yaradır.

Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Şübhəsiz ki, seçkilərin nəticələri partiyanın cəmiyyətdaxili siyasi proseslərdə yeri və rolunu müəyyən edir, insanların ona rəğbət və etimadını göstərir. Bu baxımdan, YAP bu günə qədər qatıldığı bütün seçkilərdə – bələdiyyə, parlament və prezident seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir.
Nəticə etibarilə, Yeni Azərbaycan Partiyası ötən 29 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib.

Bu gün də partiya öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 700 mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

Səməd Zeynalov,
Salyan rayon gənci, YAP fəalı

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »