Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) və Audit Komitəsi (AK) tamamilə yenidən formalaşdırılıb.
Məlumata görə, indiyə qədər MŞ-na sədrlik edən Vasif Kazımov vəzifəsindən azad edilib, onun yerinə Əsədilla İsgəndərov seçilib. Şuranın üzvləri olan Əlidadaş Babayeva və Xuraman Mircavadova isə Baharxanım Talıbova və Rifat Mahmudovla əvəzlənib.
Bundan başqa, indiyə qədər AK-nə sədrlik edən İsmayıl Rzayev vəzifəsindən azad edilib, onun yerinə Naim Cahidzadə seçilib. Komitənin üzvləri olan Əkbər Zeynalov və Əli Əliyev isə Rəcəb Cəfərli və Anar Abuzərli ilə əvəz edilib.
Həmçinin, “Naxçıvan Bank”ın İdarə Heyətinin (İH) tərkibi genişləndirilib. Belə ki, İH sədrinə 2 yeni müavin təyin edilib. Bunlar eyni zamanda Baş informasiya və Baş risk inzibatçıları olan Murad Həsənli və Rafiq Xəlilovdur.
Bir qədər əvvəl İH-nin sədri vəzifəsini tərk etmiş Azər Məmmədovun yerinə hələ təyinat olmadığından onu yenə də I müavini – İsa İsayev əvəz edir. İH-nin digər üzvü, həm də Baş maliyyə inzibatçısı isə yenə də Nahidə Əliyevadır.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82,43 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.
İctimairey.az