Yeni türk birliyi yarandı

0

Cari ilin noyabr ayının 12-də İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilmişdir. Indiyə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan bu qurum bundan sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı kimi fəsliyyət göstərəcək. Həmin Sammitdə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi uğurunda göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyi töhfələriə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”

Sammitdə çıxış edən Müzəffər Ali Baş Komandan bildirmişdir ki, Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır. Müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaq Azərbaycan üçün çox önəmli idi. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” – deyimi bizim üçün önəmli motivasiya rolunu oynamışdır.

Hazırda bütünTürk dünyasının mərkəzində dayanan güclü dövlət Türkiyədir. Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr getdikcə daha da möhkəmlənəcəkdir. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzi rolunu oynamış və təkcə bölgədə deyil, dünya miqyasında xüsusi söz sahibinə çevrilmişdir. Türkiyənin siyasi, iqtisadi və hərbi gücünü indi dünyada bütün dövlətlər bilir. Türk dövlətlərinin birgə gələcəyi üçün çox möhkəm zəmin var və möhkəm təməl mövcuddur.

Türk Dövlətləri Təşkilatını dünya üçün önəmi bundan sonra da artacaqdır. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları mövcuddur.

Artıq Türk dövlətlər birliyinin sıraları genişlənməyə başlamışdır. Belə ki, son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu və bu da çox önəmli hadisə kimi dəyərləndirilməlidir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedici və perspektivlidir.

Prezident İlham Əliyev çıxışında dedi ki, Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd etdi. Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalət bərpa olundu, beynəlxalq hüquq bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və yüzlərlə şəhər, kənd sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Münaqişəyə son qoyuldu.

Hazırda Qarabağda həyata keçirilən bərpa işlərində Türkiyənin bir çox şirkətləri çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, – bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.

İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm də qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən təşəkkül tapır.

Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcəkdir. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşəcəklər.

Abas Abbaszadə — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, rayonun fəal gənci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »