Şəhid Elməddin Məhərrəmovun xatirəsinə həsr olunmuş fleşmob keçirilib – FOTO/VİDEO

0

Vətən Müharibəsi şəhidi Elməddin Məhərrəmovun xatirəsinə həsr olunmuş fleşmob keçirilib.

Fleşmob Siyəzən rayonunda yerləşən 6 saylı məktəb-liseyin həyətində təşkil olunub.

Fleşmobda yüzlərlə məktəbli iştirak edib.

Məktəbin həyətinə şəhid Elməddin Məhərrəmovun və xidmət etdiyi hərbi birliyin – Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) adı yazılıb. 

Fleşmobun təşkilatçıları şəhidin bacısı Aytac Məhərrəmova, Siyəzən şəhər 6 saylı məktəb-liseyin rəhbərliyi, uşaq təşkilat rəhbəri Gülnar Muradova, məktəbin şagird və müəllim kollektividir.

Qeyd edək ki, Elməddin Şahlar oğlu Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Ermənilərin onlarla tankını, hərbi texnikasını məhv edən Elməddinin Murovdağın, Füzulinin, Cəbrayılın azad olunmasında misilsiz xidmətləri olub.

Elməddin Məhərrəmov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Hazırda şəhidin doğulduğu kənddə onun adını daşıyacaq məscid tikilir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »