Erkən nikah – Sonu dəhşət saçan faciədir

0

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə  söhbətimiz  erkən nikah   və onun  fəsadları  barədə  oldu.

Təranə Paşayeva Olaylar.az-a bildirib ki, mövzu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir:

“Fikrimi konkret suallar ətrafında cəmləşdirmək istəyirəm. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələrlə bağlanan nikahdır. Yeniyetmələr arasında bağlanan erkən nikahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nikahı” olaraq da bəhs edilir. Bu tip nikahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz.”

Təranə  Paşayevanın  sözlərinə  görə  erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır: ” Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözügedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailədaxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.
Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında  özünü büruzə verir.”

Təranə  Paşayeva  bu  qənaətdədir  ki, bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar : ” Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən  valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Sonuc dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faicələr barədə saysız misallar çəkə bilərik.

Amma   bu çox həssas məsələ olduğu üçün konkret kəmiyyət və ya nisbət göstərmək mümkün deyil. Əvvəldə də bildirdiyim kimi bu gün təkcə yeniyetmələr öz istəyi ilə yox, həmçinin valideynlərinin, yaxınların təkidi ilə də erkən nigaha cəlb olunurlar. Paytaxt və daha böyük şəhərlərlə müqayisədə bəzi rayon və kəndlərimizdə bu hallarla daha çox qarşılaşırıq. Qohum, qonşu və ya atanın yaxın dostunun övladı deyib övladlarının fikrini almadan qərarlar verilir, qısa zamanda nişan, toy mərasimləri keçirilir, amma əsas səbəbkarların bir-birlərini görüb tanımasına nə zaman verilmir, nə də şərait yaradılmır. Bu da nəticədə sonda fəsadlarını göstərir.

Yeniyetmə qızların hətta öz ataları yaşda olan yaşlı kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir. Bəs, 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur.  Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur.

Yaşda qızdan bir neçə dəfə böyük olan kişinin psixoloji durumunun nə vəziyyətdə olması barədə konkret heç nə demək mümkün deyil. Doğrudur, dəfələrlə özündən kiçik olan qızlarla evlənən şəxslər barədə sonu xoş olmayan hallar görüb eşitmişik, lakin bu o demək deyildir ki, hamısının sonluğu eyni nəticələnir. Yeniyetmə qızın özündən böyük biri ilə ailə həyatı qurmasında səbəb və məqsədləri bildirdim. Eyni zamanda qarşı tərəfin də belə nikaha daxil olmasının öz səbəbləri ola bilir. Əlbəttə ki, səbəblər bir-birindən fərqlidir. Bu məsələdə cəmiyyətdə ən çox eşitdiyimiz hallar bunlardır ki, belə şəxslər bir qayda olaraq ailə üzvləri tərəfindən məsləhət görülürlər, onların fikirlərini nəzərə alır və yeniyetmə qızlarla evlənirlər. Təəssüf ki, heç də bütün nigahlarda ailə xoşbəxtçiliyi uzun sürmür, tərəflər arasında narazılıqlar, anlaşılmazlıqlar yaranır,

Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmır. Valideyn də, övlad da, “yaşlı aşiq” də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alır. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olur.

Son illərdə bu istiqamətdə aidiyatı qurumlar, hüquq-mühafizə orqanları, təşkilatların fəaliyyətini xüsusilə qeyd etməliyəm. Əvvəlki dövrlərlə müqayisədə neqativ hallarla qarşılaşdıqda operativ tədbirlər görülür. O cümlədən, mütəmadi  olaraq paytaxt və bölgələrdə erkən nigahların qarşısının alınması, onun fəsadları barədə layihələr həyata keçirilir, görüşlər təşkil olunur. Təbii ki, bununla kifayətlənmək olmaz. Cəmiyyətin üzvləri kimi hər birimiz də bu məsələdə diqqətli olmalıyıq. Yaxınımızda olan insanları maarifləndirməli, xoşagəlməz hallarla qarşılaşdıqda biganə yanaşmamalıyıq.

Bu məsələdə əsas öhdəliklərdən biri də məhz valideynlərin üzərinə düşür. Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət, qız uşaqlarında mənfi emosiyalara səbəb olur.

Yeniyetməlik dövrü ailələrin övladları üçün xüsusi diqqət etməli bir zamandır. Valideynlər bu dövrdə övladlarının daim yanında olduğunu hiss etdirməli, övladları arasında ayrıseçkilik etməməli, onların fikirlərinə hörmətlə yanaşmalı, təhsil almağına şərait yaratmalı, onları aşağılayacaq fikirlərdən, tənqid, təhqirlərdən istifadə etməməli, şiddət göstərməməli, müəyyən müddət keçdikdən sonra mərhələli şəkildə həyatın növbəti dövrlərinə hazırlamalıdır.”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »