Yaponiya hökuməti azərbaycanlı alimi Gündoğar Ordeni ilə təltif edib

0

Yaponiya hökuməti Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və Ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəylini Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni ilə təltif edib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı alim bu mükafata Azərbaycanda yapon dili və mədəniyyətinin davamlı təbliğinə və iki ölkə arasında qarşılıqlı anlaşmanın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, bu orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında böyük əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.

Yaponiya hökumətinin qərarına əsasən ümumilikdə bu mükafata 4036 Yaponiya vətəndaşı və əcnəbi layiq görülüb. Onların arasında ABŞ Prezidenti Con Kennedinin qızı, bu ölkənin Yaponiyadakı sabiq səfiri Kerolayn Kennedi və avstraliyalı məşhur aktrisa Oliviya Nyuton-Con da var.

Sonuncu dəfə Gündoğar Ordeninə layiq görülənlərin siyahısı cari il aprelin 29-da dərc edilib.

Məlumat üçün qeyd edək ki, Gündoğar Ordeni 1875-ci ildə təsis olunub və onun səkkiz dərəcəsi var. Ötən əsrin ikinci yarısından başlayaraq, bu mükafat sabiq Sovet İttifaqının onlarla vətəndaşına təqdim olunub. Azərbaycandan həmin mükafat ilk dəfə Baş nazirin sabiq müavini Abid Şərifova verilib.

Yaponiyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Gündoğar Ordeni sahibinə yaxın zamanlarda xüsusi mərasimdə təqdim olunacaq.

Vüqar Ağayev

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »