Pakistanda Vətən müharibəsinin ildönümünə həsr olunan mətbuat konfransı keçirilib – FOTO

0

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin KİV nümayəndələri üçün Vətən müharibəsinin ildönümünə həsr olunan mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransından əvvəl KİV nümayəndələri səfirliyin binası qarşısında Vətən müharibəsi şəhidlərinin şərəfinə yaradılan guşəni ziyarət ediblər.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Vətən müharibəsini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın KİV nümayəndələrini salamlayıb və Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında məlumat verib.

Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bildirən səfir bu illər ərzində Ermənistanın həmişə atəşkəsi pozduğunu və Azərbaycana qarşı təxribatlar törətdiyini diqqətə çatdırıb.
Ötən ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti təxribatdan söz açan səfir Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə cavab tədbirlərinə başladığını vurğulayıb.

Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini, eləcə də Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin icrasını təmin etdiyini diqqətə çatdırıb.

X.Fərhadov bildirib ki, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında kütləvi şəkildə minalar basdırılıb, Azərbaycanın tarixi, mədəni, dini irsi məqsədli şəkildə məhv olunub, o cümlədən məscid və müqəddəs yerlər təhqir edilib, təbii ehtiyatlar talan, infrastruktur darmadağın olunub və digər beynəlxalq hüquq pozuntuları qeydə alınıb. Səfir Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini nümunə kimi qeyd edərək hazırda Azərbaycan hökumətinin azad olunmuş ərazilərdə geniş şəkildə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz dönüşü üçün ardıcıl addımlar atdığını və bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyünü iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi qeyd olunacağını bildirib.

Mətbuat konfransında səfir KİV nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qulu Kəngərli

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »