İKİNİCİ QARABAĞ MÜHARİBƏSİNİN VƏTƏN MÜHARİBƏSİ ADLANDIRILMASI TƏSADÜFİ DEYİL
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ərzində xalqımız öz tarixinin ən şanlı günlərini yaşadı. Bu haqq savaşında Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan igidləri, Azərbaycan Ordusu, Azərbaycan xalqı tarix yazdı. Məhz Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq.
Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımız 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Komandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Prezident–Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad etdik. Biz döyüş meydanında tarixi ədaləti bərpa etdik. Qazandığımız Zəfərlə Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Bütün Azərbaycan xalqı inanırdı ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsi tezliklə Rəşadətli Ordumuzun tam və qəti qələbəsi ilə yekunlaşacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad olunan bütün Qarabağ torpaqlarında dalğalanacaq.
Bu günlər ərzində bütün dünya Azərbaycan xalqının həmrəyliyinin, Ali Baş Komandanına inamının şahidi oldu. Bu müddət ərzində düşmən müxtəlif təxribatlara əl ataraq bu birliyi sarsıtmağa cəhdlər etdi. Lakin başa düşmədi ki, bu xalqı daha da birləşdirən onun keçdiyi ağır günlər olub. Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqla, dinc insanları, uşaqları qətlə yetirməklə xalqımızı parçalamaq gücündə deyil. Prezidentin “Biz birlikdə güclüyük!” şüarı ətrafında bir yumruq kimi birləşən xalqın, qalib ölkənin qalib vətəndaşı olmaq üçün çıxdığı yolda düşmənin silahı yerə qoyub, ağ bayraq qaldırmaqdan başqa çıxış yolu olmadığını dünyaya çatdırdıq. Bəli, artıq 44 gün ərzində düşmən və bütün dünya ölkələri də bunu başa düşdü.
Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür;
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Fizuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli,Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında gtrateji əhəmiyyət kəsb etmişdir.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub.Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur.
17 oktyabr nəinki fizulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edəcəklər.
Elyurə Məmmədova-Rayon Mədəniyyət Mərkəzinin direktoru
Füzuli rayonu olduqca zəngin infrastruktura və tarixi abidələrə malik olan ərazidir.
Vətən müharibəsində qazandığımız Qələbə tarixi ədaləti bərpa etdi, bəşəriyyət üçün təhlükə olan erməni faşizmini məhv etdi, 30 ilə yaxın kağız üzərində qalmış BMT qətnamələrinin yerinə yetirilməsini təmin etdi.
Azərbaycan ordusunun şanlı Zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdən biri də Füzuli şəhəri və ətraf kəndlərimizdir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Füzuli rayonu olduqca zəngin infrastruktura və tarixi abidələrə malik olan ərazidir. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
17 oktyabr tarixi həm füzulilərin yaddaşına, həm də tariximizə silinməz izlərlə həkk olundu. Çünki, Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Odur ki, Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Çətin və uğurlu Füzuli döyüşləri ordumuzun hərbi qüdrətini bir daha təsdiqləməklə yanaşı, qəhrəman oğulların vətən, torpaq sevgisini heç bir “ohanyan səddi”nin buxovlaya bilməyəcəyini bütün dünyaya sübut etdi.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın füzulilərlə birlikdə olması bizlərə böyük fəxr və qürur verir.
Vətən müharibəsi bir həqiqəti də sübut etdi ki, istənilən şəraitdə Azərbaycan ordusu öz ləyaqətinə sadiq qalır, heç bir təxribata yol vermir. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu.
Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın füzulilərlə birlikdə olması bizlərə böyük fəxr və qürur verir. Həm Prezident cənab İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman füzulilərə diqqət və qayğı ilə yanaşıblar. Rayonumuzun ərazisində dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr bizə olan xüsusi diqqətin nəticəsidir.
Bildiyimiz kimi Qələbə itkisiz qazanılmır. Vətən müharibəsində qazandığımız Zəfər də şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi hesabına qazanıldı. Füzuli rayonundan 78 nəfər Vətən müharibəsi şəhidimiz, 300-ə yaxın qazimiz var. Rayonumuzdan 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.
Torpaqlarımızı işğaldan azad edib, 27 illik həsrətimizə son qoyduğuna, müharibənin bitməsindən bir il ötməsinə baxmayaraq, sürətli tikinti-quruculuq işləri apardığına, füzulilərə hər zaman diqqət və qayğı göstərdiyinə görə ölkə başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azadlığın mübarək, Füzuli!
Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdi. Prezident İlham Əliyev bu xoş xəbəri “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!” Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə əslən Füzuli rayonundan olan 80 nəfərədək döyüşçü şəhid olmuş, 300 nəfərədək hərbçi yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaq. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir.
2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Füzuliyə həyat qayıdır
30 ildən çoxdur ki, Qarabağa getməyi arzulayır, illərdir Qarabağın havasını udmaq arzusu ilə yaşayırdıq. Axı biz illərdir həsrətindəydik can paramız Qarabağımızın.
Xəyallarımızda oralarda gəzir, torpağının hər qarışını addımlayırdıq. Artıq xəyallar gerçək, arzular isə çin olmuşdu. İllərdir ümidi ilə yaşadığımız bu arzuları şəhidlərimizin qanı bahasına geri qaytarmış, işğaldan azad etmişdik.
Şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 17-də işğaldan azad edilmiş Füzuli şəhərinə səfər etmək üçün səbrsizlənirik. Düzənlikdən dağlara doğru irəlilədikcə azadlığa qovuşmuş Vətən torpağını seyr edəcəyik.
Füzuli şəhəri 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Şəhər müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya yeni asfalt yol çəkilib. Sevinc və iftixar hissi ilə şəhəri gəzəcəyik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğuracaq. Şəhərdə bərpa-quruculuq işləri həyata keçirilir.
Cənab Prezident İlham Əliyev 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirmişdir ki, Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Füzuliyə də həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Füzuli sakinləri doğma kəndlərinə dönəcəklər.
Vəfa Xəlilli – Gəncliyə dəstək ictimai birliyinin sədri
Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq,vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar
Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. Ali Baş Komandanın qətiyyəti, Müzəffər Ordumuzun rəşadəti nəticəsində düşmən öz layiqli cavabını aldı, 30 illik həsrət sona çatdı. Tarixi ədalət bərpa olundu, öz doğma yurd-yuvalarımız düşmən tapdağından qurtuldu.
Qarabağ yalnız Azərbaycanın deyil, eləcə də regionun ən qədim tarixə, maddi və mədəni irsə, zəngin təbii sərvətlərə malik olan bölgələrindən biridir. İşğal nəticəsində bu ərazidə tariximizlə bağlı tarixi və mədəni irsi məhv edilmiş, münbit torpaqları, bitki örtüyü, ekologiyası, təbii landşaftı ciddi zədələnmiş, təbii sərvətləri istismar olunmuşdur.
44 günlük tarixi mübarizəmizin nəticəsində parlaq zəfərimizdən sonra qarşıda duran əsas vəzifə azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin həyata keçirilməsidir.
Bu baxımdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri artıq bu ərazilərdə böyük inkişafın təməllərinin atılmasının göstəricisidir. Regionda mühüm potensiala sahib olan bu ərazilərin iqtisadi inkişafının təmin edilməsi gələcək iqtisadi layihələrin reallaşmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz çıxışlarında bəyan etmişdir ki,” İşğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat dəhlizinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcəkdir.”
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
İşğaldan azad olunmuş ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir
Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu geniş miqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Ordumuzun əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdi. Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyuldu, yeni layihələrə start verildi.
Qarabağımızın digər guşələri kimi, Füzuliyə də həyat yenidən qayıtdı. İşğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. Tarixi Zəfərdən sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna səfər etdi. Dövlət başçısı Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun, hava limanının, eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olub, “Füzuli” yarımstansiyasının açılışında iştirak etdi.
Füzuli rayonunda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Bütün bunlar onu göstərir ki, yaxın dövrdə Füzuli rayonunun intensiv inkişaf edəcəyini və Füzuli şəhərinin Qarabağda, həm də işğaldan azad olunmuş bütün ərazilərin iqtisadiyyat quruculuğunda, sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasında strateji əhəmiyyəti dəfələrlə artacaqdır.
Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru
Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlanmışdır
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 27 sentyabr-7 noyabr 2020-ci il tarixlərində Füzuli şəhəri və rayonun 53 kəndi Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və s. qalmışdır. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Cənab Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Gülağa İsgəndərov – Rayon Təhsil Şöbəsinin müdiri
Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun cəbhəyanı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır.
Azərbaycanın şanlı Ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı. Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edilib. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü. Bu gün Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb. Lakin, işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da abadlıq və yenidənqurma işləri böyük vüsətlə davam etdirilir.
Aqil Məmmədov – Rayon Təhsil Şöbəsinin işçisi