Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də Füzuliyə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, Füzuli şəhərinin azad olunması cənub istiqamətində digər rayonların azad olunmasında həlledici rol oynadı.
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə ötən ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biridir. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib. Beləliklə, düşmən 30 ilə yaxın müddət ərzində həmin ərazilərimizdə qurduğu istehkam qurğularının darmadağın edilməsinin qeyri-mümkün olduğunu düşünürdü. Ancaq ermənilərin “keçilməz sədd” adlandırdıqları müdafiə xəttini Azərbaycan Ordusu darmadağın edərək özünə məxsus olan torpağı geri qaytardı. Beləliklə, Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib.
Şuşaya gedən ən qısa yol Füzuli şəhərindən keçdiyi üçün bu ərazinin azad edilməsi döyüşlərin gedişatında xüsusi əhəmiyyət kəsb edib.4-5 eşolonlu müdafiə xətləri, tank əleyhinə xəndəklər və müasir standartlarda bunkerlərin olması düşmənə müəyyən qədər üstühlük verirdi. Düşmən ordumuzun bu cür qətiyyətli müdafiəsini tez bir zamanda yarıb keçəcəyini gözləmirdi.Bundan sonra artıq düşməndə fərarilik halları müşahidə olunmağa başladı.
Artıq bu gün Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş Füzuli rayonunda bərpa-quruculuq işlərinə başlanılıb. Belə ki, ölkə başçısı cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Füzuli rayonunun işğaldan azad edildiyi tarixin birinci ildönümü günündə həmin ərazimizə səfəri zamanı bir sıra layihələrin təməlinin qoyulmasında iştirakı da bütün bunların sübutudur. Əslində düşmənin 30 illik vəhşiliyi, barbarlığı nəticəsində Füzulidə abadlaşdırılası bir tikili belə qalmayıb. Füzuli demək olar ki, yenidən qurulur. Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Füzuli şəhərini, rayonun kəndlərini yenidən quracaq, yenidən yaradacaq. Beləliklə, Azərbaycan xalqı, Füzuli camaatı yenidən bu şəhərdə, bu rayonun kəndlərində yaşayamağa başlayacaq.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri