Zəngilanda həyata keçirilən böyük layihələr də buranı təkcə Şərqi Zəngəzurun deyil, ümumən Cənubi Qafqazın əsas logistik mərkəzlərindən birinə çevirəcək.
İctimairey.az xəbər verir ki, bunu Azerforum.com-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Onun fikrincə, Zəngilanda inşa olunacaq hava limanı hətta bütövlükdə bu bölgənin özünü beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli imkanlar yaradacaq: “Həmçinin sovet dövründə buradan keçən dəmir və avtomobil yollarının bərpası isə birbaşa Naxçıvana yol açacaq. Odur ki, buradan keçən Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyətli yol kimi böyük önəm daşıyır. Hazırda Zəngilanı Naxçıvanla ayıran yeganə maneə cəmi 40 kilometr uzunluğu olan Zəngəzur dəhlizidir. Dövlətimizin başçısı bu maneənin aradan götürülməsi və Zəngəzur dəhlizin açılması üçün bütün səylərini səfərbər edib”.
Partiya sədri daha sonra qeyd edib ki, Zəngəzur dəhlizi ölkəmizin və bütün Türk Dünyasının gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması təkcə Azərbaycan və Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də yeni iqtisadi perspektivlər yaradacaq. Həmçinin Rusiya, İran, Gürcüstan da bu dəhlizin imkanlarından geniş surətdə yararlana biləcək. Bu dəhlizin açılması hətta Çin üçün də strateji əhəmiyyət daşıyır: “Ən əsası isə sözügedən dəhliz vasitəsilə Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanın qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra isə Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirilməsi Azərbaycanın növbəti ən böyük tarixi nailiyyətlərindən biri olacaq”.