Dövlət Sərhəd Xidmətimiz (DSX) açıqlama yayaraq Azərbaycan ərazisində üçüncü ölkənin və ya hər hansı terrorçu dəstələrin mövcud olmadığını rəsmi şəkildə bəyan edir, eyni zamanda ölkəmizdə xaricdən gəlmiş təkfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddiaların yalan olduğunu, həqiqəti əks etdirmədiyini bildirir, lakin məkrli geosiyasi oyunlar oynamağa çalışan Tehrandakı molla-fars rejiminin nümayəndələri isə “İran heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcək” kimi absurd bəyanatı tutuquşu kimi təkrarlamağa davam edirlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə jurnalistlər üçün verdiyi brifinqdə isterikaya qapılaraq deyir ki, “İran öz təhlükəsizliyi ilə bağlı heç kəslə zarafat etmir, bunu hamı bilir. İsrail hara daxil olursa, ora qeyri-sabitlik, terror gətirir. Biz bu barədə Bakıya demişik. İsrail bölgənin qeyri-sabit olmasını istəyir. Tehran və Bakı üçüncü ölkələr onların münasibətlərinə mane olmasın deyə ehtiyatlı olmalıdırlar. Biz heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcəyik”.
Bu bir diplomata, XİN rəsmisinə yaraşan ritorika deyil. Mollalar İran İslam Respublikasını (İİR) bu cür primitiv zehniyyətlə idarə edir, qonşularına münasibətdə isə “ikili standart”lardan çıxış etməyə üstünlük verirlər. Və görünən budur ki, onlar yalan və böhtan xarakterli məlumatlar yaymağı, təhrikçi ifadələr işlətməyi də artıq dövlət siyasətinə çevirməkdədirlər.
İran siyasətçiləri və generalları Azərbaycan ərazisində, xüsusən də sərhədyanı bölgələrdə İsrailə aid hər hansı bir hərbi obyektin və yaxud insani qüvvənin, resursun olması barədə indiyə qədər birdənə də olsun real fakt, sübut ortaya qoya bilməyiblər, lakin “İran heç bir qonşu ölkədə sionizmin mövcudluğuna dözməyəcək” klişesini saqqız kimi çeynəməyə davam edirlər. Son 30 ildə bütün Yaxın və Orta Şərq coğrafiyası üçün terorçu dəstələri də rəsmi Tehranın “strateq”ləri özləri yaradıb bəslədikləri halda, hələ bir də utanmazcasına Azərbaycan ərazisində hansısa terrorçuların olmasından dəm vururlar. Bu mollalar həqiqətən də çox gülməlidirlər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri