Millət Vəkili Elnur Allahverdiyev: Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi.
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin Azərbaycanın mətin ordusu tərəfindən azad olunmasından bir il ötür. Hadrut əməliyyatı 44 günlük Vətən müharibəsində düşmənin müqavimətinin qırılması və Şuşanın azad olunmasına doğru yolun açılması ilə əlamətdar oldu.
Cəbrayıl şəhərindən sonra Hadrutun azad olunması hərbi əməliyyatlarımızın uğurla davam etdirilməsi baxımından mühüm önəm kəsb edirdi. Bundan sonra əsgərlərimiz Şuşaya və Füzuliyə doğru irəliləməyə başladılar. Bu dəfə də ermənilərin gözləmədiyi yerdən.
Hadrutu azad etmək Şuşa əməliyyatının uğuru baxımından da vacib idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Hadrut və bütövlükdə Xocavənd rayonu ölkəmizin füsunkar təbiətə malik, tarixi abidələrlə bol qədim ərazilərindəndir. İllərdir erməni işğalında olan bu bölgəmiz Azərbaycan əsgərinin rəşadəti nəticəsində azad olunub.
Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!
İctimairey.az