Millət Vəkili Jalə Əhmədova: Suqovuşan yenidən xalqımıza xidmət etmək üçün hazır vəziyyətə gətirilib.
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki çıxışı bir il əvvəl 44 günlük Vətən müharibəsinin həyəcanlı günlərini yada saldı. Həqiqətən də yaddaşımızda o günlərə qayıdarkən deyə bilərik ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət daşıyırdı. Çünki bu qəsəbənin coğrafi mövqeyi bizə gələcək hərbi əməliyyatlarımızda uğur qazanmaq üçün şərait yaradırdı. Ona görə də müharibənin ilk günlərində bu strateji qəsəbənin işğaldan azad edilməsi böyük irəliləyiş idi.
Talış kəndinin və Suqovuşan qəsəbəsinin bir gündə işğaldan azad edilməsi həm əsgərlərimizdə, həm də xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Suqovuşan qəsəbəsinin azad edilməsi həm də ona görə əhəmiyyətli idi ki, həmin ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu ərazinin azad olunması Ordumuzun bölgədəki strateji yollara da nəzarətini təmin etdi. Suqovuşan qəsəbəsinin digər bir əhəmiyyəti, həm də burada su anbarının yerləşməsi ilə bağlı idi. Bu qəsəbənin azad edilməsi Ermənistan ordusunu dərin mənəvi-psixoloji sarsıntıya düçar etdi.
Onu da qeyd etmək lazımdır ki, işğal dövründə Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar, süni şəkildə daşqınlara səbəb olan təbii fəlakətlər törədirdilər.
Sevindirici haldır ki, bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan və ya az suvarılan 30 min hektar torpaq suvarıldı.
Hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülür və artıq bu stansiyalar işlək vəziyyətə gətirilib. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək baxımından Suqovuşan qəsəbəsinin böyük əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş bu iki su elektrik stansiyası düşmən tərəfindən dağıdılmışdı. İndi isə bərpa olunaraq yenidən xalqımıza xidmət etmək üçün hazır vəziyyətə gətirilib.
Əminik ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman Vətən övladlarının şücaəti ilə işğaldan azad olunmuş digər ərazilərimizdə də tezliklə həyat canlanacaq, insanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Məmmədov Güloğlan İctimairey.az