Misirli baş redaktor Azərbaycanın informasiya müharibəsində qələbəsindən yazıb

0

Misirin “Əldiplomasi” informasiya portalının baş redaktoru Əşrəf Əbu-Urafə 44 günlük müharibə vaxtı Azərbaycanın informasiya cəbhəsində qələbəsindən bəhs edən məqalə yayımlayıb.Misirli jurnalist

Misirli jurnalist ingilis dilində yazdığı məqalədə Ermənistan və onun dünyadakı havadarları tərəfindən istər müharibə günlərində, istərsə də atəşkəsdən sonra rəsmi və qeyri-rəsmi KİV-də, sosial şəbəkələrdə yalan, şayiələrə əsaslanan xəbər və dezinformasiyalar yayıldığı faktlarını diqqətə çatdırıb. O qeyd edib ki, ermənilərin yalan maşınının müharibədən əvvəl işğalçı siyasəti gizlətmək və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri ört-basdır etmək istiqamətində apardığı çirkin kampaniya döyüş meydanında ağır məğlubiyyətə uğradıqdan və kapitulyasiya sənədini imzaladıqdan sonra da aparılır. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən rəhbərlik etdiyi informasiya müharibəsində qazanılan uğurlar erməni yalanlarını bütün dünya qarşısında ifşa edir.
Əbu-Urafə qeyd edib ki, artıq dünyada baş verən qlobal proseslər, yeni geosiyasi reallıqlar fonunda Ermənistanın yalan maşını beynəlxalq ictimaiyyəti yanlış informasiyalarla aldada bilmir. Müasir texnologiyalar əsrində bütün dünya, o cümlədən ərəb ictimaiyyəti işğalçı dövlətin Azərbaycan ərazilərində mülki şəxsləri qətlə yetirməsi, dini abidələri dağıtması və təhqir etməsi, etnik təmizləmə siyasəti yürütməsinin şahidi oldu.
Məqalədə qeyd olunub ki, müharibə günlərində və ondan sonra, bəzi xarici media orqanları Ermənistanın yalan və böhtan kampaniyasına alət olub. Hətta bəzi nüfuzu olmayan ermənipərəst siyasətçilərlə yanlış məlumatlara əsaslanan müsahibələr təşkil edilib. Lakin Azərbaycan bütün dünyaya sübut etdi ki, demoqrafik böhran keçirən və ordusu zəif olan işğalçı dövlət döyüşlərdə xaricdən gətirilmiş muzdlu əsgərlərdən istifadə edib. Beynəlxalq ictimaiyyət Azərbaycan Ordusunun qüdrətini, onun öz gücünə torpaqları düşməndən azad etmək əzmini gördü və bu, dünyanın nüfuzlu mətbuat orqanlarında, o cümlədən ərəb mediasında öz əksini tapdı.
Qeyd edək ki, Əbu-Urafənin baş redaktoru olduğu, ərəb və ingilis dillərində informasiyalar yayan populyar “Əldiplomasi” portalı 44 günlük müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqalələr, habelə AZƏRTAC-ın materiallarını yayıb.
Oqtay Bayramov
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »