Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində şəhidlərimizin anım mərasimi keçirilir
Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində şəhidlərimizin anım mərasimi keçirilir
Sentyabrın 27-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi başlayıb. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi yad edilir.
İctimairey.az xəbər verir ki, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilir, şəhidlərin ruhuna dualar oxunur.
Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra (18 oktyabr 1991) bütün dini icmalara bərabər şərait yaradıldığı kimi Katolik icmasına da qayğı göstərilmiş və Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün o vaxt bolşeviklər tərəfindən uçurulmuş kilsənin yerinə yenisinin inşa edilməsi məqsədi ilə ərazi ayrılmışdır. Bu ərazi 2004-cü ildə Azərbaycana gələn Vatikanın nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilmişdir. Bir il sonra isə ölkəmizə səfər edən Roma-katolik kilsəsinin rəsmisi kardinal Kresçensio Sepe Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, digər dini icmaların rəhbərləri ilə görüşmüş və daha sonra tikiləcək kilsənin təməlqoyma mərasimində bünövrəyə yerləşdiriləcək ilk daşı təqdis edərək, öz xeyir-dualarını vermişdir.
Bolşeviklər tərəfindən uçurulan Bakirə Müqəddəs Məryəm kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. Eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunmuşdur. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis etmiş və ilk ibadəti həyata keçirmişdir.
İctimairey.az